Şagirdlərdən pulu istəyən sinif rəhbərinə xəbərdarlıq edildi
22 Aprel 2011 Cümə 12:44
Təhsil Nazirliyinin qaynar xəttinə bir aya 1707 müraciət daxil olub
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: [email protected]) mart ayında 1707 müraciət daxil olub. Müraciətlərin 1575-i telefonla, 132-si elektron poçt vasitəsi ilə qəbul edilib. Əksəriyyəti (1490 müraciət) sorğu və məlumat xarakterli olan müraciətlər əsasən ümumtəhsil məktəblərinə, məktəbəqədər təhsil müəssisələrinə, ali və orta ixtisas təhsili ocaqlarına aiddir. Məktəbdənkənar və texniki peşə təhsili müəssisələri, eləcə də xaricdə təhsil məsələləri ilə bağlı müraciətlər də daxil olub.

Ölkə təhsilinin inkişafına yönəlmiş proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, maliyyələşdirmə, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi ilə bağlı sorğular üstünlük təşkil edib. Təhsil sənədlərinin alınması və nostrifikasiyası, buraxılış imtahanlarının, fənn olimpiadalarının təşkili və nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, birinci siniflərə şagird qəbulu ilə əlaqədar müraciətlərin sayı da artıb. Həmçinin müəllimlərin dərs yükünün bölünməsi, məktəbli formasının tətbiqi, birinci siniflərdə əlifba bayramının təşkili və digər məsələlər barədə sorğular qeydə alınıb və cavablandırılıb.

Şikayət xarakterli müraciətlərin təhlili göstərir ki, onların böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 78, digər şəhərlərin ümumtəhsil məktəblərindən 15 (Gəncədən 7, Sumqayıtdan 6, Mingəçevir və Şirvan şəhərlərinin hər birindən 1), Abşeron rayonundan 10, Şəki və Qusar rayonlarının hər birindən 4 , Lənkəran, Lerik, Tərtər rayonlarının hər birindən 3, Ağdaş, Neftçala, Saatlı, Şamaxı, İmişli, Göygöl, Qobustan, Beyləqan, Sabirabad, Ağcabədi, Goranboy, Masallı, Qəbələ rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 2 və Şabran, Şəmkir, Cəlilabad, Samux, Xocavənd, Gədəbəy, Ağsu, Daşkəsən, Tovuz, Siyəzən, Quba, Bərdə, Laçın, Kürdəmir, Ağdam, Biləsuvar, Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1 şikayət xarakterli müraciət daxil olub.

Ümumtəhsil məktəbləri ilə bağlı müraciətlər əsasən tədris prosesinin təşkili, dərs yükü, müəllimlərin şagirdlərə münasibətdə yol verdikləri nöqsanlar və bayramlarda hədiyyələrin alınması ilə əlaqədar narazılıqlardan ibarətdir. Müraciətlərin araşdırılması zamanı 35 faiz müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, 40 faiz müraciətdə qeyd olunan faktlar isə öz təsdiqini tapmayıb.

Dəqiq və ünvanlı müraciətlər üzrə aparılmış araşdırma nəticəsində qaldırılmış məsələlər öz həllini tapıb, iki ümumtəhsil məktəbinin müəllimi haqqında inzibati cəza tədbiri həyata keçirilib. Belə ki, müvafiq müraciət əsasında İ.Əfəndiyev adına Elitar gimnaziyanın informatika müəllimi Əliyar Baxışovun şagirdlərin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verdiyi müəyyənləşdirilib və tədris ocağının rəhbərliyi tərəfindən ona töhmət verilib. Digər bir müraciətin araşdırılması nəticəsində isə şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı vermiş Xəzər rayonundakı 183 nömrəli məktəbdə V sinfin rəhbəri İ.Hacıyevaya ciddi xəbərdarlıq edilib.

“Qaynar xətt”ə məktəbəqədər təhsil müəssisələrindən 9, lisey tipli məktəblərdən 5, internat məktəblərdən 2, məktəbdənkənar tərbiyə müəssisələrindən 2 şikayət qəbul edilib. Dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 12, özəl ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar 24 müraciət qeydə alınıb.

Məktəbəqədər müəssisələrlə bağlı şikayətlərin böyük əksəriyyəti bu təhsil ocaqlarına qəbul və iş rejimi ilə əlaqədardır.
Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə imtahan nəticələrindən narazılıq, təqaüdlərin gecikdirilməsi, müxtəlif növ nəşrlərin satışı və digər məsələlər əks olunub.

Dekanlıq tərəfindən külli miqdarda vəsait tələb olunduğunu bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu fakültəsinin V kurs tələbəsi Sənan Yusifovun müraciəti ilə əlaqədar aparılmış araşdırma nəticəsində fakt təsdiqini tapmayıb və müvafiq materiallar araşdırılmaq üçün hüquq mühafizə orqanlarına göndərilib.

Ötən ay özəl ali təhsil müəssisələri ilə bağlı 24 şikayət daxil olub. Onlardan 1-i Azərbaycan Kooperasiya Universiteti, 2-si Odlar Yurdu Universiteti, 21-i isə Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Azərbaycan Kooperasiya Universitetində kitab satışının təşkili, Odlar Yurdu Universitetində diplomlara görə rüsum tələb olunması, Azərbaycan Beynəlxalq Universitetinin sabiq tələbələrinin sənədlərinin verilməsi zamanı çoxsaylı problemlərin yaradılması ilə bağlı müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.

Beləliklə, martda “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin 91,5 faizi müsbət cavablandırılıb və qaldırılmış məsələlər müvafiq qaydada həllini tapıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar