Sabah IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
26 İyul 2012 Cümə Axşamı 18:09
Həmin gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə qəbul imtahanı baş tutacaq.
Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həmin gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı keçirilir.

İmtahan Respublikanın 6 şəhərində - Bakıda 16, Naxçıvanda 3, Gəncədə 3, Sumqayıtda 3, Şəkidə 2, Lənkəranda 1 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 1174 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 115 imtahan rəhbəri cəlb olunacaq.

IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib. Bu qrup üzrə sənəd verənlərin 14493 nəfəri Azərbaycan bölməsinin, 915 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9352 nəfərini oğlanlar, 6056 nəfərini isə qızlar təşkil edir. 7758 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.

5320 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 45 abituriyent xarici ölkələrin vətəndaşıdır. 46 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.

415 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənc isə 1997-ci ildəndir. Bakı şəhərində 9197 abituriyent, Naxçıvanda 1626 abituriyent, Gəncədə 1762, Sumqayıtda 1340 abituriyent, Şəkidə 713 abituriyent, Lənkəranda isə 770 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar