Rusiya ali məktəblərinə keçirilən qəbul imtahanının nəticələri açıqlandı
19 May 2012 Şənbə 01:16
İmtahanlarda yüksək bal toplayanlar müsahibədə iştirak edəcəklər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ), həmçinin bu ölkənin digər ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün mayın 18-də keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahanın nəticələri www.tqdk.gov.az saytında yerləşdirilib.
Növbəti tədris ili üçün Rusiyanın 20-dən artıq ali təhsil müəssisəsində bakalavriatura səviyyəsində 30 plan yeri ayrılıb. Bu yerlərdən 9-u I ixtisas qrupu, 6-sı II qrup, 9-u III qrup, 6-sı isə IV qrup üzrədir.
Azərbaycan vətəndaşlarının bakalavriatura səviyyəsində MDBƏİ-də təhsil alması üçün 3 yer (ödənişsiz əsaslarla) təqdim olunub.
MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 8, Rusiyanın digər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 102 nəfər, ümumilikdə 110 gənc qeydiyyatdan keçib. Test imtahanı nəticəsində 300 və daha yüksək bal toplayan I qrup abituriyentləri, 350 və daha yüksək bal toplayan II və IV qrup abituriyentləri, 400 və daha yüksək bal toplayan III qrup abituriyentləri müsahibədə iştirak etmək üçün mayın 19-da saat 10:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dəvət olunurlar.
Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar. Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.
DOSTLARINLA PAYLAŞ: