Rus bölməsinin abituriyentləri üçün imtahanın nəticələri açıqlanıb
27 İyun 2011 Bazar Ertəsi 14:10
Azərbaycanda rus bölməsinin abituriyentləri üçün keçirilən imtahanın nəticələri açıqlanıb.
Azərbaycanda rus bölməsinin abituriyentləri üçün iyunun 26-da “Azərbaycan dili” fənnindən keçirilən imtahanın nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildirilib ki, imtahanın nəticələri www.tqdk.gov.az saytında yerləşdirilib.
“Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilib. İmtahanın nəticəsinə görə, “məqbul” alan abituriyentlər 2011-2012-ci tədris ili üçün keçiriləcək qəbul imtahanlarına buraxılacaqlar.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçirilib.
İyunun 26-da keçirilən imtahanda iştirak edən 2538 abituriyentin 1572-si mayın 22-də keçirilmiş imtahandan “qeyri-məqbul” qiymət alanlar, 966 nəfəri isə ərizəsini həmin imtahanda iştirak üçün nəzərdə tutulmuş vaxtdan sonra təsdiqlədənlərdir.
Ümumilikdə imtahanda iştirak edən abituriyentlərin 1156 nəfəri qız, 1382 nəfəri isə oğlandır.
İmtahanda abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilib.
Azərbaycanda ali məktəblərə daxil olmaq istəyən rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənnindən imtahan verməlidirlər. Bu imtahanı verməyən və ya ondan “qeyi-məqbul” alan abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməzlər.
Rus bölməsinin abituriyentləri üçün bu il “Azərbaycan dili” fənni üzrə ilk imtahan mayın 22-də keçirilib. Bu imtahanda iştirak edən 10 087 abituriyentin 8 696 nəfəri müvəffəqiyyət qazanaraq “məqbul” qiymət alıb. Həmin imtahanda “qeyri-məqbul” qiymət alan abituriyentlərə iyunun 26-da keçiriləcək imtahanda təkrarən iştirak etmək imkanı verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: