Rus bölməsi imtahan nəticələri açıqlandı
24 May 2011 Çərşənbə Axşamı 10:23
5 nəfər imtahandan xaric edilib, 8 nəfərin nəticələri ləğv olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 22-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən keçirdiyi imtahan nəticələrini açıqlayıb. Nəticələr TQDK-nın internet saytında yerləşdirilib.
Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 10275 abituriyentdən 188 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğuna görə 5 nəfər imtahandan xaric edilmiş və nəticələri ləğv olunub. Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 8 nəfərin köçürməyə yol verdikləri aşkar edilib. Qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.
İmtahanda iştirak edən abituriyentdən 8696 nəfəri müsabiqə şərtini ödəmiş və “məqbul” qiyməti alıblar.
Qeyd edək ki, mayın 22-də keçirilən imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2011-ci il iyunun 26-da keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: