Rezidenturaya qəbul qaydaları açıqlanıb
03 Avqust 2012 Cümə 14:43
Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.
Azərbaycanda rezidenturaya qəbul qaydaları açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (namizədlər) malikdirlər. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da keçiriləcəkdir. İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək olan müddətdə öz elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün ayrılıqda "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürülməlidir.
Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə, yekun balına təsir göstərmir.
İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılacaq. İxtisas seçiminə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan,ixtisas fənləri üzrə isə 50-dən az olmayan namizədlər buraxılacaqlar. Müsabiqədə iştirak etməyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun olaraq istədiyi ixtisasları seçib, onların kodlarını öz elektron ərizəsinə istədiyi ardıcıllıqla daxil edəcək
Rezidenturaya sənəd qəbulu avqustun 15-dən 24-dək aparılacaq. Ərizə qəbulu internet vasitəsi ilə aparılacaq. Namizəd şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və "TQDK-nın virtual ödəmə kartı"ndan istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizerezidentura) daxil olmalı və oradakı "Namizədin elektron ərizəsi" formasını doldurulmalıdır. Namizəd virtual ödəmə kartını internet ödəmə və ya 7725 SMS xidmətindən istifadə etməklə əldə edə bilər. Bundan sonra namizəd tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Namizədin elektron ərizəsi” formasını təsdiq etdirilməlidir.
DOSTLARINLA PAYLAŞ: