Ramstore mağazaları 14 milyon dollara satıldı
18 Fevral 2011 Cümə 12:28
“Migros” şirkəti Azərbaycandakı ticarət şəbəkəsini “Intersun Holding FZCO”-ya satıb
Türkiyənin “Migros Ticaret A.Ş.” şirkəti Azərbaycanda 100 faizlik pay sahibi olduğu “Ramstore MMC”-ni 14 milyon 250 min dollara “Intersun Holdinq FZCO” şirkətinə satıb. Bu barədə məlumatı CNN Türk telekanalı yayıb.

“Migros” şirkətinin yazılı açıqlamasına görə, Azərbaycandakı hər üç mağazanın Dubayda yerləşən şirkətə satılması ilə bağlı alqı-satqı müqaviləsi imzalanıb. Türkiyə şirkəti razılaşdırılmış məbləğin 250 min dollarını qabaqcadan, qalan hissəsini isə hissə-hissə alacaq.

Qeyd edək ki, Azərbaycan ilk “Ramstore” mağazası 1996-cı ilin aprelində açılıb.

1995-ci ilin oktyabr ayında Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyət olaraq qurulan “Ramstore” şirkəti 1999-cu ilin yanvar ayından 2007-ci ilin noyabr ayina gədər Qapalı Tipli Səhmdar Cəmiyyət olaraq fəaliyyət göstərib. Bu tarixdən etibarən yenidən öz təşkilati-hüquqi şəklini dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib. “Ramstore” MMC-nin nizamnamə kapitalı 15 milyon dollardır. Şirkətin Bakıda fəaliyyət göstərən 3 supermarketi və bir anbar təsərrüfatı mövcuddur. “Ramstore” MMC-də 100 nəfər işləyir. “Ramsore” mağazalarından alış-veriş edən gündəlik müştəri sayı 3000 nəfərə yaxındır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar