Qusarda Şahmat Mərkəzi açılıb
16 Fevral 2012 Cümə Axşamı 18:00
Qusarda Şahmat Mərkəzi açılıb. Mərkəzin açılış mərasimində prezident İlham Əliyev iştirak edib.
Bu gün prezident İlham Əliyev Qusara səfəri çərçivəsində şahmat mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı şahmat mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, şahmat mərkəzində yeniyetmələrin və gənclərin idmanın bu növü ilə məşğul olmaları üçün geniş imkanlar yaradılıb. İkimərtəbəli bina həm də rayonun ümumi görkəminə əlavə çalarlar qatır. Şahmat mərkəzinin ümumi həyətyanı sahəsi 1500 kvadratmetrdir. Binanın ətrafında geniş abadlıq işləri görülüb.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, bina əvvəllər “Nizami” kinoteatrı kimi fəaliyyət göstərib. 2009-cu ildə burada əsaslı təmir və yenidənqurma işləri aparılmış və müasir tələblərə cavab verən şahmat mərkəzi yaradılıb. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizdə idmanın müxtəlif sahələrinin, o cümlədən şahmatın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend quraşdırılıb. Burada şahmatı ayaqüstü oynamaq üçün iki lövhə quraşdırılıb. Mərkəzdə iki məşğələ otağı və turnir zalı idmançıların ixtiyarına verilib. Turnir zalında həm respublika, həm də beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi üçün geniş imkanlar var. Zalda 40 şahmat stolu qoyulmuşdur ki, onlardan 10-u elektron lövhəlidir. Belə lövhəli stollarda keçirilən oyunları internet vasitəsilə izləmək və nəzarət etmək mümkündür.

Mərkəzdə şahmat bölmələri ilə yanaşı, xarici dil və kompyuter kurslarının təşkili də nəzərə alınıb. Buradakı kompyuter otağında idmançılar internet vasitəsilə şahmat oynamaq imkanı əldə ediblər. Otaqda 13 kompyuter quraşdırılıb. Mərkəzdə zəngin kitabxana da yaradılıb. Burada gənclər tanınmış şahmat ustalarının müəllifi olduğu kitablarla tanış olacaq, şahmatın sirlərini daha dərindən öyrənə biləcəklər.

Prezident İlham Əliyev zalda gənc şahmatçıların məşq prosesini izləyib. Sonra dövlət başçısı mərkəzin foyesində quraşdırılmış monitorlarda 2008-ci və 2011-ci illərdə Qusar rayonuna səfərlərini əks etdirən görüntülərə baxıb.

Şahmat mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tövsiyə və tapşırıqlarını verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar