Qlazqo Universitetinin nümayəndələri ADU-da
20 Oktyabr 2011 Cümə Axşamı 13:53
Görüşdə universitetin qazandığı nəaliyyətlərdən danışılıb.
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Qlazqo Universitetinin nümayəndələrini qəbul edib. Universitetin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, gələn qonaqlar arasında Qlazqo Universitetinin “Pedaqogika, innovasiya və siyasət” kafedrasının professoru Vivienne Baumfildi, Dil Mərkəzinin direktoru İster Dabornu və Ədəbiyyat və Etnologiya üzrə mühazirəçi Valentina Bold olub. Görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov, “Beynəlxalq əlaqələr” üzrə prorektoru Jalə Qəribova, 1 saylı “İngilis dili” fakültəsinin dekanı Əfqan Abdullayev və “Regionşünaslıq və Beynəlxalq münasibətlər” fakültəsinin dekanı Məcid Əliyev də iştirak edib.

Qonaqları salamlayan rektor onları rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu bildirib. S. Seyidov universitet haqqında qonaqlara məlumat verərək 5000 tələbənin təhsil aldığını onların diqqətinə çatdırıb. O, ADU-nun Böyük Britaniyanın Esseks Universitetilə əməkdaşlıq etdiyini bildirib və 2 universitet arasında imzalanan müqavilənin şərtlərindən danışıb. Rektor Dillər Universitetində təhsil alan tələbələrin I-II kursları bitirdikdən sonra təhsillərini Esseks Universitetində davam etdirərək ikili diplom alacaqlarını bildirib. Eyni zamanda Esseks Universitetinin professorlarının ADU-da işlədiyini vurğulayıb. Gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.

Qlazqo Universitetinin “Pedaqogika, innovasiya və siyasət” kafedrasının professoru Vivien Baumfild rektora səmimi qəbula görə təşəkkür edib. O, ADU-nun açıq dərslərində iştirak etdiyini söyləyib, tələbələrin məsuliyyətli və çalışqan, müəllimlərin isə çox təcrübəli olduğunu bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar