Qızıl medallar Tehsil Nazirliyi ile TQDK-nın arasını vurdu
23 Avqust 2013 Cümə 22:43
Qızıl medal alan mezunların bezileri qebul imtahanlarında aşağı netice gösterib.
İki dövlət qurumu - Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasındakı fikir ayrılıqlarına biri də əlavə olunub. Bu dəfə problemə səbəb qızıl medalçıların bir çoxunun ali məktəblərə qəbul imtahanlarında özünü doğrultmaması olub. Dövlət Komissiyası məktəbi qızıl medalla başa vuranlar arasında aşağı nəticə göstərənlərlə bağlı araşdırmalara başlayır.

Qəbul Komissiyası, Təhsil Nazirliyinin 238 nəfərə verdiyi qızıl medalın bəzisini şübhə altına alır. Komissiyanın sədri Məleykə Abbaszadə qızıl medalla təltif olunan məzunların bəzilərinin qəbul imtahanlarında çox aşağı nəticə göstərdiyini açıqlayıb: “Məzunlar arasında 443, 340, 543 yığanlar var.600-dən yuxarı bal toplayanlar da var, amma 320, 226, hətta 140 bal toplayan bir abituriyent də var ki, biz bunları artıq Təhsil Nazirliyinə təqdim etmişik”.

Komissiya sədri qızıl medal alan, lakin qəbul imtahanında aşağı nəticə göstərən abituriyentlərin nəticələrini Təhsil Nazirliyi ilə birlikdə araşdıracağını açıqlayıb.

Onu da vurğulayaq ki, orta məktəbi qızıl medalla başa vuranların ali məktəblərə imtahansız qəbulu məsələsi də müzakirə olunurdu. Məleykə Abbaszadənin məsələyə münasibəti isə konkretdir: “Təhsil haqqında qanunda bu nəzərdə tutulmayıb. Yazılmayıb ki, qızıl medal alan ali məktəbə imtahansız qəbul olunmalıdır. Beynəlxalq Olimpiyadaların qaliblərini biz imtahansız qəbul etmişik”.

Qeyd edək ki, qızıl medal alanların qəbul imtahanlarında aşağı nəticə göstərməsi məsələsinə isə Təhsil Nazirliyi hələlik mövqe bildirməyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar