Qəbul planı 100 faiz dolmuş universitetlərin siyahısı açıqlanıb
05 Avqust 2011 Cümə 14:34
Siyahıda Bakı Dövlət Universitetinin adı yoxdur
Bu il qəbul yeri birinci turdan 100 faiz dolan universitetlər məlum olub. ANS PRESS-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirilib. Sədr bildirib ki, əvvəlki illərdə bölgələrdəki universitetlərdə qəbul planı adətən 50 faiz dolurdu. Amma bu il ilk dəfə olaraq 2 rayon ali təhsil müəssisəsində nəticələr çox yüksək olub. Lənkəran və Gəncə Dövlət Universitetlərindəki yerlər də 100 faiz dolub. M.Abbaszadənin sözlərinə görə, bu nəticələr, onların apardığı təhsil siyasətinin düzgün olduğunu bir daha sübut etdi.
Paytaxtda Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Diplomatiya Akademiyası 100 faiz dolan universitetlər sırasındadır. Bakı Dövlət Universitetində isə plan yerlərinin 98,78 faizi dolub.
M.Abbaszadənin sözlərinə görə, özəl ali təhsil müəssisələri arasında tələbələrin ən çox üstünlük verdikləri ali təhsil müəssisələr Bakı Qızlar Universiteti və Bakı Biznes Universitetidir. Hər iki universitet qəbul planını yüz faiz doldurub. "Qafqaz Universitetində 96%, Xəzər Universitetində isə yerlərin 94,95 faiz dolub. Özəl ali təhsil müəssisələri arasında ən az müraciət olunan universitetlər isə Təfəkkür, Bakı Asiya və Odlar Yurdu Universitetləridir. Hər 3 universitet plan yerlərini cəmi 46 faiz doldura bilib", - deyə Məleykə Abbaszadə bildirib.
DOSTLARINLA PAYLAŞ: