Qəbul imtahanlarında 38 nəfərin halı pisləşib
14 İyul 2012 Şənbə 15:20
25 abituriyent, 12 valideyn və 1 imtahan məsləhətçisi həkimə müraciət edib.
Bu gün Bakıda ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarının keçirildiyi məntəqələrdə 38 nəfərə təcili tibbi yardım göstərilib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova ANS PRESS-ə açıqlamasında bildirib ki, təcili yardıma müraciət edənlərdən 25 nəfəri abituriyent, 12 nəfəri valideyn, biri isə imtahan məsləhətçisi olub. Onlara ilkin tibbi yardım göstərilib. Xəstəxanaya yerləşdirilən olmayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib.
Bakıdakı imtahan keçirilən 29 binanın qarşısında təcili tibbi yardım maşınları dayanıb. Hər bir bina üçün bir həkim, bir feldşer ayrılıb. Təcili Tibbi yardım maşınları xüsusi tibbi avadanlıqlarla tamə təchiz olunub. Həkimlərə əlavə olaraq dərmanlarla təmin olunmuş tibbi çanta da verilib.
DOSTLARINLA PAYLAŞ: