Qəbul imtahanı zamanı 17 nəfərə tibbi yardım göstərilib
20 İyul 2012 Cümə 15:34
Onlardan 13-ü abituriyent olub.
2012-2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə ali məktəblərə qəbul zamanı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) imtahan binalarında növbə çəkən işçiləri tərəfindən 17 nəfərə tibbi yardım göstərilib. Bunu ANS PRESS-ə Stansiyanın Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

Onun sözlərinə görə, yardım üçün müraciət edənlərin 13-ü abituriyent, 4-ü valideyn olub. Abituriyentlərdən biri gecikdiyi üçün imtahan binasına buraxılmayıb. Bakının Binəqədi rayonundakı 83 saylı orta məktəbdə imtahan verməli olan həmin abituriyentin burun qanaxması olub. Ona imtahan binasından kənarda, qalan abituriyentlərə isə imtahan binasında yardım göstərilib.

Vahidova deyib ki, bu gün Bakıda imtahan 37 binada keçirilib. Binaların hər birinin qarşısında bir təcili tibbi yardım maşını növbə çəkib. Hər bir bina üçün bir həkim, bir feldşer ayrılıb. Ümumilikdə imtahan mərkəzində abituriyentlərə və onlara valideynlərinə təcili tibbi yardım göstərilməsinə 37 həkim, 37 feldşer və 37 sürücü, ümumilikdə 111 işçi cəlb edilib.

Bu gün Azərbaycanda ali və orta ixtisas məktəblərinə I qrup üzrə qəbul imtahanı keçirilib. Bu gün Bakıda 21080 abituriyent imtahan verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar