Peşə məktəb məzunlarına xoş xəbər
07 Mart 2013 Cümə Axşamı 10:20
Azərbaycanda peşə məktəblərinin kadr hazırlığında sifarişçi olan təşkilatlar məzunların işlə təmin olunmasına da kömək edəcəklər.
Azərbaycanda peşə məktəblərinin kadr hazırlığında sifarişçi olan təşkilatlar məzunların işlə təmin olunmasına da kömək edəcəklər.
Bunu Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib. Onun sözlərinə görə, bu məsələ peşə təhsili müəssisələrinin yeni hazırlanmış nizamnamə layihəsində öz əksini tapıb.
"Nizamnamədə konkret olaraq, göstərilir ki, kadr hazırlığında sifarişçi olan təşkilat məzunun işlə təmin edilməsinə də köməklik göstərəcək. Bununla da məktəblərin işəgötürülənlərlə əlaqələri genişlənəcək. Nəticədə peşə təhsili müəssisələrinin səlahiyyətləri müəyyən qədər genişlənəcək",- nazirlik rəsmisi əlavə edib.
O qeyd edib ki, peşə təhsili müəssisələrinin qəbul planının layihəsi Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Qəbul planı hazırlanarkən işəgötürənlərin sifarişləri, vətəndaşların müraciətləri və peşə təhsili müəssisələrinin maddi-texniki bazası nəzərə alınır.
Məmmədov bildirib ki, artıq nazirlik nizamnamə layihəsini Nazirlər Kabinetinə təqdim edib və sənədə bütün müvafiq dövlət qurumlarının rəyi alınıb. Nazirlər Kabinetinin nizamnaməni bu yaxınlarda təsdiqləyəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: