Neft Akademiyasındakı məlum qətliamdan sonra orta məktəblərdə və bağçalarda mühafizənin hansı vəziyyətdə olduğunu öyrənmək üçün bir neçə məktəbə və bağçaya baş çəkdik. Şahidi olduq ki, bu müəssisələrdə mühafizə yox dərəcəsindədir. Şagirdli-müəllimli hamı Allaha sığınıb: "O bilən məsləhətdir", "Yuxarıdakı kişi alnımıza nə yazıbsa odur".
Əliyalın mühafizəçi
İlk olaraq yolumuzu Yasamal rayonundakı 158 saylı orta məktəbdən saldıq. Məktəbin həyətinə daxil olub qapıya doğru addımladıq. Bizi qapıda qarşılayan orta yaşlı qadın "direktor yerində yoxdur, iclasa gedib" dedi. "Bəs siz kimsiniz" sualımıza "qapıçı" deyə cavab verdi. Məktəb direktoru Zemfira Səmədovanın məktəbdə olmadığını dəqiqləşdirdikdən sonra öyrəndik ki, qədəm basdığımız bina məktəbin birinci korpusudur. Burada ibtidai siniflər yerləşir. Bizi qarşılayan qapıçı isə 46 yaşlı Səriyyə Aslanovadır. Məktəbdə mühafizəçi olub-olmadığını soruşduq. Məlumat verdi ki, bu korpusu o, təkbaşına "mühafizə" edir. Həyətdə daha iki korpus var - orta və yuxarı siniflər üçün. İkinci korpusu da onunla bir yaşda olan qadın "qoruyur", üçüncü korpusun taleyi isə hansısa mühafizə xidmətinin əməkdaşına tapşırılıb. İkinci korpusun qapısında bizi qapıçı Məlakə Həsənova qarşıladı, bildirdi ki, 46 yaşı var, 1 ilə yaxındır ki, burada qapıçı işləyir, Neft Akademiyasındakı hadisə onu əməlli-başlı qorxuya salıb: "O hadisədən sonra özümə gələ bilmirəm, hər an qorxuludur, yanımda əlisilahlı bir polis əməkdaşı dayansaydı, ürəyim rahat olardı. Bir təhlükə olsa, tək mən qadın xeylağı, nə edə bilərəm ki?..."
Üçüncü korpusa üz tuturuq, bu binanın giriş qapısında həqiqətən də mühafizəçi dayanır. Ancaq tezliklə öyrənirik ki, "R.S.S." özəl mühafizə xidmətinin əməkdaşı olan Namiq Həsənov obyekti tək qoruyur və əliyalındır - yəni silahı yoxdur. Bu da təbiidir, çünki özəl mühafizə xidmətlərinin əməkdaşlarına silah gəzdirmək qadağandır. Namiq Həsənovdan hər hansı təhlükə baş verərsə, əliyalın şəkildə təhlükənin qarşısını necə ala biləcəyi ilə maraqlanırıq. Cavabı yek olur: "İdman fənləri ilə". Məktəbdə təhsil alan müəllim və şagird heyəti isə Neft Akademiyasındakı hadisədən möhkəm qorxuya düşüblər. Amma nə etməli…
Həlak olanlardan biri bu məktəbin məzunu imiş
Baş çəkdiyimiz növbəti təhsil müəssisəsi elə Yasamaldakı 167 saylı orta məktəb oldu. Binaya daxil olarkən gözümüzə ilk sataşan qapıçı qadın və onun yanında əyləşmiş orta yaşlı, idman geyimli şəxs oldu. Məktəbin direktoru Qələndər Qələndərov bizimlə söhbətində bildirdi ki, məktəbdə mühafizəçi ştatı yoxdur, yalnız gözətçi ştatı var. Onlardan biri qadın, digəri isə kişidir. Qadın səhər, kişi isə gecə növbəsində işləyir. Məktəbin direktoru: "Əlbəttə ki, şagirdlərin, müəllimlərin təhlükəsizliyi üçün məktəbimizdə əlisilahlı mühafizəçi mütləq lazımdır. Lakin məktəbimizin daxili vəsaiti hesabına mühafizəçi saxlamaq qeyri-mümkündür, çünki maliyyyə vəsaiti yol vermir. Bu məsələ ilə Təhsil Nazirliyi məşğul olmalıdır və məsələ dövlət hesabına həll edilməlidir. Hazırda məktəbimizdə iki qarovulçu ştatı var. Hər qarovulçunun aylıq maaşı 78 manatdır, çox istəyərdim ki, hər iki ştat ləğv olunsun və hər ikisinin maaşı hesabına bir əlisilahlı mühafizəçi təyin olunsun. Lakin yenə də dediyim kimi, bunun səlahiyyəti mənim əlimdə deyil".
Qələndər müəllim onu da bildirdi ki, Neft Akademiyasında gülləyə tuş gələrək həyatını itirmiş tələbələrdən biri Ayaz Bağırov onun rəhbərlik etdiyi məktəbin məzunu olub. "4 il əvvəl bizim məktəbi bitirmişdi, həmin il də ən yüksək balla Neft Akademiyasına daxil olmuşdu. Məktəbimizin şagirdləri bu hadisənin təsirindən qurtara bilmirlər. Hadisə uşaqlara əməlli-başlı psixoloji təsir göstərib" - deyə direktor söyləyir.
203 saylı məktəbdə müəllimlər gözətçi rolunda
Həmin məktəbin direktoru Dürdanə Məmmədova deyir ki, bu barədə qərarı Neft Akademiyasında baş vermiş hadisədən sonra məktəbdə keçirdiyi iclasda qəbul edib. "Məktəblilərin və müəllimlərin təhlükəsizliyini təmin etmək üçün müzakirə apardıq. Qərara aldıq ki, dərsi olmayan müəllimlər həmin gün məktəbə gəlib növbəli şəkildə qapıya nəzarətlə məşğul olsunlar. Çünki bu boyda obyektin qapısını təkcə 60 yaşlı qadına tapşırmaq təhlükəlidir. Düzdür, bu, insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər, ancaq başqa çıxış yolumuz yoxdur. 500-ə yaxın şagirdimiz var və onların hər birinə görə başımızın tükü ilə cavabdehik. Məktəbin giriş qapısında dayanmaq üçün mütləq əlisilahlı mühafizəçi ayrılmalıdır" - deyə Dürdanə müəllimə bildirir. Öyrənirik ki, məktəbdə 3 gözətçi ştatı var. Məktəbin giriş qapısını nəzarət səhərdən günortayadək 60 yaşlı Solmaz Həsənovanın, günortadan axşamadək 51 yaşlı Nazlı Vəliyevaya həvalə olunur. Axşamdan səhərədək isə məktəbə kişi cinsinin nümayəndəsi göz olur.
Solmaz Həsənova vaxtilə orta məktəblərdən silahların yığılmasından da narahatdır: "Əvvəllər orta məktəblərdə ibtidai hərbi hazırlıq dərslərində şagirdlərə Kalaşnikov üzərində dərs keçirilirdi. Təqribən 1993-cü ildə silahlar məktəblərdən yığıldı, indi şagirdlərə hərbi dərslər silah əvəzinə taxta üzərində keçirilir. Mənə elə gəlir ki, ekstremal hallarda şagirdlərə hərbi hazırlıqları da kömək ola bilər, ona görə də vaxtilə yığılmış silahların məktəblərə qaytarılması məqsədəuyğun olardı", deyə məktəb direktoru təklif edir.
91 saylı məktəbin isə taxta qapısı dəmir qapıyla əvəz olunacaq
Bayıldakı 91 saylı orta məktəbin qapısını döyürük. Gözətçi qadın dərhal müdirəyə xəbər aparır. Bir neçə dəqiqədən sonra məktəbin müdirəsi Svetlana Zülfüqarova qapıda peyda olur. Elə qapıdaca gəlişimizin məqsədini bildiririk. Deyir ki, gördüyünüz kimi, biz hər adamı içəri buraxmırıq. Söhbətini kabinetində davam etdirir: "Mən ümumiyyətlə, ehtiyatlı insanam. Heç vaxt gözləmirəm ki, hansısa hadisə baş versin, sonra başlayım tədbir görməyə. Hələ iki il əvvəl mühafizə xidmətlərindən birindən mühafizəçi dəvət etdim. Ancaq həmin mühafizəçi silahsız olduğu üçün qərara aldım ki, elə öz gözətçilərimiz də qapını həmin səviyyədə qoruya bilər. Bu yaxınlarda məktəbdə təmir işləri aparılacaq və qərara almışam ki, taxta qapını gözlüklü dəmir qapı ilə əvəz edək. Gücümüz yalnız buna çatır. Ancaq dövlət silahlı mühafizəçi ayırsaydı, daha arxayınçılıq olardı".
"Təşviş içindəyik. Amma…"
Növbəti dayanacağımız Yasamal rayonundakı 99 saylı uşaq bağçasıdır. İçəri maneəsiz daxil oluruq. Sükutun hakim kəsildiyi dəhlizdə bir qədər o baş-bu başa gəzişdikdən sonra pillləkənlərlə ikinci mərtəbəyə qalxırıq. Otaq qapılarının üzərindəki lövhələrdən məlum olur ki, ikinci mərtəbədə məktəbəqədər hazırlıq qrupları yerləşir. Bir-bir qruplara baş çəkib içəri otaqları kənardan müşahidə edirik. Nəticə bu olur ki, müəllimələrin başı azyaşlılara şeir öyrətməyə qarışıb, qapıda dayanan bəndələrinizə isə diqqət göstərən yoxdur. Və Allaha dua edirik: Nə yaxşı ki, bizim yerimizdə hansısa əlisilahlı dayanmayıb.
Nəhayət, qruplardan birində kənardan müşahidəmizi saxlayıb içəri daxil oluruq. Zərifə müəllimədən uşaqların hansı səviyyədə qorunmasını soruşuruq. Duruxur. Deyir ki, heç öz taleyinə cavabdeh deyil. Qaldı ki, bu qədər uşağa qahmar çıxa. "Allah alnımıza nə yazıb odur, bilmirik 5 dəqiqədən sonra nə baş verəcək. Bağçadır da, başqa necə olmalıdır ki? Bizə ancaq o qalır ki, Allahdan bir də bizə belə hadisələr qismət etməməsini istəyək". Heç uşaqların qorunması ilə bağlı valideynlər sizə narahatçılığını bildirirmi" sualına "yox, düzü, o hadisədən sonra davamiyyət də pozulmayıb, valideynlərdən də yüksək dərəcədə narahatçılıq görməmişik" - deyir. "Bizim yerimizə pisniyyətli birisi də ola bilərdi və bax bu otağa girib sizi də, bu uşaqları da girov götürə bilərdi, heç o barədə fikirləşmisiniz?" - sualıma isə yalnız qulaqlarını çəkməklə kifayətlənir.
Dəhlizə çıxıb birinci mərtəbəyə - müdriyyətin otağına gəlirik. Müəssisə müdirəsi Aygün Ələsgərova ilə də təqribən eyni səpgidə söhbətimiz olur. "Səhv etmirəmsə, Rusiyada belə bir hadisə baş vermişdi, bir uşaq bağçasına girmişdilər, ancaq nə etmək olar, əlimizdən heç nə gəlmir. İnanmıram ki, Təhsil Nazirliyi son hadisədən sonra bağçaların təhlükəsizliyi ilə bağlı hansısa qərar qəbul etməsin".
175 saylı bağçanın "mühafizə xidməti"
Bu da Səbail rayonundakı 175 saylı uşaq bağçası. Bağçanın qapısından girib bacasından çıxsaq da nə dəhlizdə, nə də otaqlarda bizdən "kimsən" deyə soruşan olmadı. Ta ki özümüz dilə gəlməyənədək. Böyük də, kiçik də hərə öz işindədir. Nəhayət, diqqəti çəkmək üçün fotoaparatı işə salırıq. Bu vaxt bir neçə tərbiyəçi yaxınlaşaraq məzhəbimizlə maraqlanır. Bildiririk ki, bağçaların hansı şəkildə mühafizə olunması ilə əlaqədar reportaj hazırlayırıq. Bizi müdirənin otağına ötürürlər. Bağça müdirəsi Ceyran İsayevaya gəlişimizin məqsədini bildirəndə bağçadakı uşaqların qorunmasından olduqca optimist ruhda danışır: "Əlbəttə ki, biz uşaqları yüksək səviyyədə qoruyuruq. Məsələn, bağçamızın otaqlarını 4 müəllimə, 2 xadimə-dayə, 1 həkim,1 tibb bacısı və 1 təsərrüfat müdirəsi qoruyur. Bizim heç nədən narahatçılığımız yoxdur. O ki qaldı hansısa hadisənin baş verməsinə, bu, Allahın işidir, olacağa çarə yoxdur. Allah qoruyar, inşallah".
Ceyran müəllimə bizi bağçanın otaqları ilə də tanış edir. Yataq otaqlarına daxil olarkən yatmağa hazırlaşan uşaqları göstərərək məlumat verir ki, 2 mərtəbəli bağçada 5 qrupda 100 uşaq var. Və fikirləşəndə ki, bu qədər uşağı qorumaq üçün obyektdə bir başıpapaqlı belə yoxdur, adamın Ceyran müəlliməylə həmrəy olmaqdan başqa çarəsi qalmır: "ALLAH ÖZÜ QORUSUN".
Esmira Cavadova /ANS PRESS/