Orta məktəblərdə vakant müəllim yerləri üçün indiyədək 1466 nəfər sənəd verib
04 İyul 2011 Bazar Ertəsi 17:46
Azərbaycanın orta məktəblərinə müəllimlərin işə qəbulu ilə bağlı bu günədək 1466 nəfər sənəd verib.
Bu haqda APA-ya Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib.
F. Qədirovun sözlərinə görə, müraciətlərdə Bakı şəhəri, Abşeron rayonu, Gəncə, Mingəçevir, Sumqayıt şəhərləri üstünlük təşkil edir: “İndiyədək ən çox sənəd ingilis dili və ibtidai sinif müəllimi ixtisasları üzrə verilib. İngilis dili müəllimliyi üzrə 244, ibtidai sinif müəllimi ixtisası üzrə isə 205 nəfər müraciət edib. 153 sənəd riyaziyyat, 131 sənəd tarix müəllimi ixtisası üzrə verilib. Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə də sənəd verənlər çoxdur. Bundan başqa, fizika, coğrafiya, informatika və kimya müəllimi ixtisasları üzrə də sənəd verənlər var. Bu ixtisaslar üzrə 50-80 arası sənədlər verilib”.
F. Qədirovun sözlərinə görə, sənəd qəbulu iyulun 15-də başa çatacaq, avqustun 1-dən isə imtahanların keçirilməsinə başlanılacaq. APA
DOSTLARINLA PAYLAŞ: