Nərgiz Məzahirqızı II qrupda 700 bal toplayıb
04 Avqust 2012 Şənbə 11:56
Nərgiz Məzahirqızı Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 3-də 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə sonuncu - II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

TQDK-dan modern.az-a verilən məlumata görə, 2012-ci ildə II qrup üzrə 22867 abituriyent ərizə təqdim edib. Lakin ilkin məlumatlara görə, 550 abituriyent müxtəlif səbəblərdən imtahana gəlməyib. Qayda pozuntularına yol verən 19 abituriyent isə imtahan zallarından xaric olunub.

II ixtisas qrup üzrə cavab kartlarının emalına bu gündən başlanılıb və gələn həftənin əvvəlində abituriyentlərin nəticələrinin TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.

Dünən sualların düzgün cavablarının açıqlanması ilə II ixtisas qrupunda maksimum nəticə göstərən - 700 bal toplayan abituriyentlərdən hələlik biri məlum olub. Həmin abituriyent Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur.

Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu da açıqlamasında məlumatı təsdiqləyib. O, bildirib ki, II ixtisas qrupu üzrə qəbul imtahanında düzgün cavablar elan olunduqdan sonra Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızının 700 bal toplayaraq ölkə birincisi adı qazandığını dəqiqləşdiriblər.

Xatırladaq ki, bundan öncə keçirilən III qrupun imtahanlarında 1 abituriyent - Sabunçudakı 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva, IV qrupun imtahanında isə 2 abituriyent Bakı Türk Liseyinin məzunları Kamran Həmidov və Kamil Sərdarlı da 700 bal toplaya bilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar