Nazim İmanov İqtisadiyyat İnstitutu direktoru oldu
07 May 2014 Çərşənbə 17:17
İqtisad elmləri doktoru Nazim İmanov İqtisadiyyat İnstitutunun direktor vəzifəsini icra edəcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan ANS PRESS-ə verilən məlumata görə, Akademiyanın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib və ilk olaraq Aşqarlar Kimyası İnstitutunun innovativ nailiyyətlərindən söz açıb. Nailiyyətlərin perspektivləri barədə institutun direktoru, akademik Vaqif Fərzəliyev məruzə ilə çıxış edib. Qeyd olunub ki, institut tərəfindən müasir və perspektiv tələblərə cavab verən aşqarların yaradılması, onların əsasında yüksək keyfiyyətli, xüsusi təyinatlı sürtkü və yanacaq kompozisiyaları və eləcə də digər xüsusi mayelərin işlənib hazırlanması sahəsində araşdırmalar aparılır. Elmi nəticələr istehsalatın neftçıxarma, neft-kimya, neft emalı sənayesi, maşınqayırma və metal emalı sahələri ilə əlaqədardır.

Məruzə müzakirə və sual-cavablardan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib, elmi-tədqiqat işlərini “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyasına uyğun aparmaq və innovativ texnologiyaların tətbiqi istiqamətində lazımi işlər həyata keçirmək tövsiyə olunub.

İclasda həmçinin bildirilib ki, AMEA-nın Birləşmiş Veteranlar Şurası Akademiyanın 70 illik yubileyi ərəfəsində bir sıra tədbirlər həyata keçirəcək. Akademik A.Əlizadə 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Veteranlar haqqında” qanunu xatırlatmış, şuranın bu sənəddən irəli gələn vəzifələri yerinə yetirərək öz fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayıb. Tədbirdə qərara alınıb ki, elmi müəssisə və təşkilatlarda çalışan veteranların əmək qabiliyyətini nəzərə alaraq, onların faydalı əmək fəaliyyəti üçün lazımi şərait yaradılsın. Həmçinin, vurğulanıb ki, 2015-ci il aprelin 17-də “Böyük Vətən müharibəsinin qələbəsində SSRİ alimlərinin rolu” mövzusunda beynəlxalq konfransın keçirilməsi AMEA-ya və Respublika Veteranlar Şurasına həvalə edilib.

Daha sonra, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, 2014-cü il iyunun 10-da görkəmli ədəbiyyatşünas, tənqidçi, pedaqoq, tərcüməçi və ictimai xadim, akademik Məmməd Arif Dadaşzadənin 110 yaşı tamam olur. Akademik yubileylə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrə toxunmuş və bununla bağlı xüsusi tədbirlər planının hazırlandığını qeyd edib.

Sonda İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinin icrası iqtisad elmləri doktoru Nazim İmanova həvalə edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar