Müəllimlərin dərs yükünün artırılması üçün hökumətə müraciət edilib
03 Dekabr 2011 Şənbə 11:45
24 saat dərs yükü olan müəllimlərə 12 saat da əvəzçiliklə işləməyə icazə verilə bilər.
Azərbaycanın Təhsil Nazirliyi müəllimlər üçün mövcud dərs yükünün artırılması təklifi ilə çıxış edib.APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında bildirib ki, Nazirlər Kabinetinin mövcud qərarına əsasən, müəllimlər 24 saatdan çox dərs yükünə malik ola bilməzlər: “Dərs yükü elə bir şey deyil ki, onu kəsib atasan. Biz Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə məktubla müraciət etmişik ki, 24 saat dərs yükü olan müəllimlərə 12 saat da əvəzçiliklə işləməyə icazə verilsin”.
Nazir qeyd edib ki, qrupda olan şagird sayının 15-dən 20-yə qaldırılması da müəllimləri çox narahat edir. Bu bəndin tətbiqi sinif komplektlərinin sayının 2000-dən çox azalmasına səbəb olub.
DOSTLARINLA PAYLAŞ: