Müəllimlər şagirdlər üçün nəzərdə tutulmuş suallara cavab verə bilməyiblər
08 Sentyabr 2011 Cümə Axşamı 15:07
Bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açıqlayıb
Azərbaycanda dərs dediyi şagirdə verdiyi tapşırığı həll edə bilməyən müəllimlər var. Təhsil işçilərinin sentyabr konfransında orta məktəb müəllimlərinin bilik səviyyəsi ilə bağlı həyəcan doğuran rəqəmlər açıqlanıb. Rəqəmləri Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açıqlayıb.
İdarə rəhbəri bildirib ki, orta məktəblərin dördüncü siniflərində dərs deyən riyaziyyat müəllimlərinin cəmi 68,2%-i, beşinci sinifdə dərs deyən müəllimlərin isə 42,7%-i onlara verilən müvafiq sinfin şagirdlərinin test tapşırıqlarının hamısını həll edə bilib. Müəllimlərin bir qismi isə hətta 50%-dən də aşağı nəticə göstərib. Valideynləri belə statistika təbii ki, narahat edir.
Bəzi valideynlər müəllimlərin maddi maraqları olduğunu deyir. Onların fikrincə, maaşları yaxşı olsa, müəllimlər yaxşı dərs keçərlər. Fərid Məmmədovun sözlərinə görə, ali məktəbə girənlərin 50%-dən çoxu repetitorların hesabına girir: "Bizdə təhsildə irəliləyiş var. Ancaq orta məktəblərdə bu çox ləng gedir".
Amma 1992-ci ildən bəri təhsil sahəsini araşdıran, Azad Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olmasına və müəllimlərin bilik səviyyəsinin arzuolunan səviyyədə olmamasına əmək haqqının təsirini ikinci dərəcəli hesab edir. Onun fikrincə, problemin kökü ali məktəblərə gedib çıxır: “Bu, orta məktəbin problemi deyil. Bu, pedoqoji kadr hazırlayan ali məktəblərin problemidir. Sirr deyil ki, bu gün bizim müəllimlər ali məktəblərə hazır gəlmirlər. İstər bilik baxımdan, istər metodiki, istər məntiqi baxımdan. İndi həmin göstərici Bakı məktəblərində özünü göstərdi. Bu, yalnız Bakı məktəbləridir. İndi siz baxın rayon məktəblərinə. Orada vəziyyət ürəkaçan deyil”.
Təhsil naziri Misir Mərdanov isə kifayət qədər ixtisaslı müəllimlərin olduğunu deyərək, uşaqların repetitor yanına getməsini belə şərh edib: “Biz müəllimə nə veririk? 200 manat pul veririk. 200 manata kim gəlib uşağımızı hazırlayar? Biz gedib hazırlayarıqmı? Əlbəttə ki, yox. Sən müəllimə 2 min manat pul ver. Gör sənin uşağın repititor yanına gedir, ya getmir”.
Qeyd edək ki, hazırda respublikada on minlərlə müəllim işləyir. Onların 17 mininin yaşı 65-dən çoxdur. Minlərlə gənc müəllim isə iş gözləyir. Bütün bunlar respublikada müəllim peşəsinə marağın yüksək olmasından xəbər verir. İndi əsası dövlət tərəfindən yaxşı və pis müəllimləri ayırd elə biləcək sistemin yaradılmasıdır.
DOSTLARINLA PAYLAŞ: