Müəllimlər niyə kəndə getmir?
17 Avqust 2011 Çərşənbə 23:24
Ekspertlər müəllim çatışmazlığını aradan qaldırmağın yeni yollarını təklif edir
Müəllim-şagird nisbəti baxımından Azərbaycanda orta məktəb müəllimlərinin sayı təxminən 50 min nəfər çoxdur. Bununla belə, rəsmi məlumatlara görə, orta məktəblərdə 6700-dən çox pedaqoji kadra tələbat var. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün həvəsləndirici tədbirlər görülsə də, müəllimlərin işə qəbulu ilə bağlı aparılan imtahanlar bunun səmərə vermədiyini göstərir.
Bu gün Təhsil Nazirliyi ölkənin müxtəlif orta məktəblərində olan vakant yerlər uğrunda keçirilən növbəti test imtahanında da bu müşahidə edilirdi.
Bugünkü imtahanda biologiya müəllimləri paytaxtdakı 10, bölgələrdəki 156 vakant yer uğrunda mübarizə aparırdı. İki gün davam edəcək bu imtahanda 400-dən çox müəllim iş yeri üçün iddia edir. Lakin imtahan verənlərin çoxu paytaxt məktəblərində işləmək istəyirlər. Bunun səbəbini isə belə izah edirlər. «Şəhər məktəbidir. Ailə vəziyyətimlə bağlı rayona gedə bilməyəcəm. Ona görə də rayon məktəbləri yazmadım»,- deyə imtahan verən Samirə Əfəndiyeva bildirib. Elnarə Fərzəliyeva isə bunları deyib: «Rayonda bir az alınmır da, gedib orada yaşamaq var, ayrı şəraitdir. Yəni daha uyğun şəhər məktəbləridir».
Bu və digər səbəblərdən hazırda Azərbaycanın rayonlarında 2000-ə yaxın müəllim çatışmır. Hər il isə ölkənin ali məktəblərini 8000-dən çox müəllim ixsisaslı kadrlar bitirir. Lakin onların bir qismi elə ali məktəbi bitirən kimi müəllimlik arzusu ilə vidalaşır və özlərinə başqa iş axtarır.
Müəllim kimi işləmək istəyənlərin çoxu isə iş axtararkən seçim edir və daha yaxşı şəraitli, daha münasib yerdə yerləşən məktəb axtarır. Nəticədə isə rayonlardakı məktəblərdə müəllim çatışmazlığı problemi illərdir qalır.
Təhsil Nazirliyində də müəllimlərin çoxunun rayonlarda işləmək istəmədiklərini təsdiqlədilər. Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirovun sözlərinə görə, müəllimlər daha çox şəhər məktəblərini seçirlər. “Məsələn, Bakıda bu gün tutaq ki, biologiya müəllimi üzrə 10 yer var, amma yüzlərlə adam ora sənəd verib. Halbuki bilirlər ki, yerlərin sayı azdır. Amma sənəd verirlər. Bizə elə gəlir ki, müəllimlər Bakı şəhərini seçməklə, bəlkə də, daha rahat şərait, bəlkə də karyera imkanı məsələlərini nəzərə alıb daha çox diqqət yetirirlər bu məsələyə».
Təhsil sahəsi üzrə ekspert Etibar Əliyev isə deyir ki, dünya təcrübəsinə əsasən müəllim qıtlığı olan ölkələrdə müəllimlər dərhal həmin vakant yerə təyin olunur. Əgər ölkədə ali təhsilin keyfiyyətinin qiymətləndirilməsi aparılsa və burada təhsilin keyfiyyəti yüksək olsa, onda imtahana ehtiyac olmaz. Yaranmış vəziyyətdən çıxış yolu kimi isə ekspert Türkiyə modelini təklif edir.
«Müəllimə dövlət qulluqçusu statusu verilir və müəllimlər istənilən yerə göndərilir. Yəni bu sistem boş qalan yerlərə müəllimləri təyin edir. Və həmin müəllimlər öz ixtisasları üzrə həmin məktəblərdə dərs deyirlər»,- deyə Etibar Əliyev bildirir.
Qeyd edək ki, müəllimlərə dövlət qulluqçusu statusu verilməsi məsələsi dövlət səviyyəsində müzakirə olunur. Hazırda normativ-hüquqi baza hazırlanır.
Daha bir vacib məsələ orta məktəblərdə təhsilin keyfiyyətinə nəzarətdir. TQDK-nın açıqlamasına görə, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 1000-dən çox orta məktəbin 1 məzunu qəbul olunmayıb. E.Əliyev deyir ki, belə nəticələr göstərən məktəblərin rəhbərliyinə yenidən baxılmalı, müəllimləri isə təkmilləşdirmə kurslarından keçməlidir.
Təhsil Nazirliyi isə rayonlardakı vakant yerlərin tutulması üçün əlavə tədbirlər görür. Belə ki, işə qəbul imtahanlarında paytaxt məktəblərini seçib keçid balını toplayan, amma işə qəbul ola bilməyən müəllimlər ərizə təqdim edərək, heç bir imtahansız rayon məktəblərini seçə bilərlər.
Nazirlik həm də rayonlarda müəllim kimi çalışmaq istəyənlərə imtahanlarda güzəştlər edir. Belə ki, imtahanlarda 60 faiz cavab verənlər bu vəzifədə çalışa bilər. Bakıda isə bu tələb 80 faiz həddindədir. Bundan əlavə isə Təhsil Nazirliyi rayonlarda müəllim çatışmazlığını aradan qaldırmaq üçün kəndə aparan “Yol” adlı xüsusi proqram həyata keçirir. Bu proqram rayonda işləyən müəllimlərə xüsusi imtiyazlar verir. Bu imtiyazlar müəllimlərə verilən birdəfəlik müavinətlər, sosial xərclər və hər ay əmək haqqına edilən əlavələrdir.
Üstəlik proqrama əsasən ucqar yerlərdə çalışan müəllimlər torpaq sahəsi ilə də təmin olunur. Bir sözlə, nazirlik deyir iş var. Elə işsizlər də var. İndi qalır bu işsizləri iş yerlərinə cəlb etmək, ən əsası böyük həvəslə kəndlərdə yeni dərs ilinin başlanmasını gözləyən uşaqları savadlı, yüksək ixtisaslı müəllimlərinə qovuşdurmaqdır.
DOSTLARINLA PAYLAŞ: