Milli TEMPUS Məlumat Günü adlı tədbir keçirilib
24 Dekabr 2011 Şənbə 17:04
Azərbaycan Dillər Universitetində Avropa Komissiyasının TEMPUS üzrə Azərbaycan ofisinin və Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə “Milli TEMPUS Məlumat günü” keçirilib.
ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə ADU-nun tədris işləri üzrə prorektoru professor Natiq Yusifov, beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova, Təhsil Nazirliyinin nümayəndələri – beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva, orta və ali təhsil şöbəsinin məsləhətçisi İradə Quliyeva, Milli TEMPUS Ofisinin rəhbəri Pərviz Bağırov, Erasmus Mundus Assosiasiyasının Azərbaycandakı nümayəndəsi Elgün Məmmədov iştirak ediblər.
Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova TEMPUS layihəsi haqqında ətraflı məlumat verib. O, çıxışı zamanı bildirib ki, Tempus layihəsinin həyata keçirilməsində Avropa Birliyinin və Təhsil Nazirliyinin böyük dəstəyi var. J. Qəribova layihənin hazırlanmasında görülən işlərdən və bu sahədəki istiqamətlərdən söz açıb.
Tədris işləri üzrə prorektor, professor Natiq Yusifov TEMPUSa qoşulmağın əhəmiyyətindən də danışdı və bildirdi ki, “Bu sahədə uğur əldə etmək üçün maarifləndirmə işini daha da inkişaf etdirmək lazımdır”.
Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva qeyd edib ki, Azərbaycanda TEMPUS 1995-ci ildən fəaliyyət göstərir. Əvvəlki illərə nisbətən son illər bu layihəyə marağın artdığını deyən T. Əliyeva bildirib ki, universitetlərin səyi və TEMPUSun yeniləşməsi nəticəsində bu sahədə daha çox uğurlar əldə olunur. O, bildirib ki, Azərbaycandan 4 universitetin iştirak etdiyi bu layihəni ilk dəfə olaraq Azərbaycan Dillər Universiteti idarə edəcək.
Milli TEMPUS Ofisinin rəhbəri Pərviz Bağırov Avropa Komissiyasının mühüm proqramı olan TEMPUS proqramının mıəqsədi haqqında məlumat verib və qeyd edib ki, TEMPUSun əsas problemi dil problemidir, çünki bu proqramla işləmək üçün dil biliyi mühüm şərtlərdən biridir. O, TEMPUSun digər proqramlarla birlikdə əməkdaşlıq etməsini məqsədə müvafiq hesab etdiyini dedi. Birgə olan layihələr – öz universitetlərinin zəminində kurikulum işləri, universitetdə islahatların yaradılması, struktur dəyişikliklər layihəsi – Təhsil Nazirliyinin içtirakı və digər ölkələrlə əməkdaşlıq zamanı həyata keçirilən layihələr, təcrübə mübadiləsi və konfranslar haqqında da danışıb. Daha sonra P. Bağırov TEMPUS layihəsinin maliyyə məsələlərini də iştirakçıların nəzərinə çatdırıb və qeyd edib ki, dövlət və özəl universitetlər, universitet təşkilatları, assosiasiyalar bu layihədə iştirak edə bilərlər. Partnyorlar isə qeyri-hökumət təşkilatları, müxtəlif dövlət və özəl sektorlara aid olan qurumlar, tədqiqat institutları və s. ola bilər.
Erasmus Mundus Assosiyasiyasının Azərbaycandakı nümayəndəsi Elgün Məmmədov Erasmus Mundus proqramının sahələri, ixtisasları, bu layihənin məqsədləri haqqında məlumat verib. O, qeyd edib ki, beynəlxalq əməkdaşlıq sayəsində Avropada təhsilin keyfiyyəti artır.
Müəllim Azad Həmkarlar təşkilatının sədri Misgər Məmmədov və Erasmus Mundus ALRAKİS proqramı üzrə koordinator Ülkər Bayramova da bu layihə haqqında çıxış ediblər.
Sonda qonaqlar iştirakçıların suallarını cavablandırıblar və bu mövzu ətrafında müzakirələr aparılıb.
DOSTLARINLA PAYLAŞ: