Məzunların son zəngi neçəyə və necə başa gəlir?
30 May 2009 Şənbə 11:40
Və ya şagirdlərin hansı parka çıxmaqlarına nə təhsil nazirliyi, nə də orta məktəb cavabdeh deyil

 

Valideynlər diqqətli olun 

Bu gün orta məktəblərində dərs ili başa çatır. Təhsil naziri Misir Mərdanovun qərarına görə, məktəblərdə "Son zəng" mərasimi yalnız 3 saat, özü də məktəblərin ərazisində keçirilə bilər.
Valideynlərinsə diqqətinə çatdırılıb ki, məktəblərdəki son zəng tədbirindən sonra şagirdlərin hansı parka çıxmaqlarına nə təhsil nazirliyi, nə də orta məktəb cavabdeh deyil. Xəbər verildiyi kimi paytaxt polisi bu gün ciddi iş rejimində çalışacaq. Onlar dənizkənarı bulvarda, həmçinin digər meydan və parklarda ötən illərdə olduğu kimi, kütləvi toplaşmalara və tədbirlərə imkan verməyəcəklər.
Son zəng mərasimi bütün məktəblərdə saat 10:00 başlayıb. Ssenaridən asılı olaraq tədbir 3-4 saat davam edəcək. Əksər məktəblərdə xüsusi istedadına görə fərqlənən 11-cilərə fəxri diplomlar da təqdim olunacaq. Bundan sonra məzunlar bir yerə yığışaraq məktəbdə rəqs edib əylənəcəklər. Bunun üçün təhsil ocaqlarının rəhbərləri hər cür şərait yaradacaq.

Məktəb direktorları isə məzunların ziyafətlərində iştirak etməyəcək. Təhsil ocaqlarının rəhbərləri bildirdilər ki, restoran və ya kafelərdə təşkil olunmuş tədbirlərə konkret qadağa qoyulmasa da onların fikrincə, təhlükəsizlik baxımından məzunların elə məktəbdə yığışıb əylənməsi daha məqsədəuyğundur.

“Biz həmişə bu tədbiri məktəbin foyesində keçirmişik. Heç vaxt hansısa şadlıq evinə getməmişik - deyə 45 saylı orta məktəbin direktoru, Nazilə Teymurqızı bildirib.

158 saylı orta məktəbin məsul şəxsi, Zülfiyyə Hümbətova məzunların son zənglərini restoranlarda keçirmək istədiyi qeyd etsə də, buna icazə verilmədiyini bildirib.

Qarın hər şeydən irəlidi

Amma bununla belə tədris ili başa çatandan sonra orta məktəb məzunlarının bəziləri buraxılış gecəsini maraqlı keçirməyə çalışır. Məhz bu günə xüsusi hazırlaşan məzunlar özlərini daha rahat və sərbəst hiss etdikləri məkanda - restoranda, kafedə canlı müsiqinin sədaları altında rəqs edib əylənməyə daha çox üstünlük verirlər. Bunu illərin təcrübəsinə əsaslanan restoran sahibləri təsdiqləyir. Burıxılış gecəsinin dadını çıxarmağa çalışan məzunlar bir- birinə hədiyyədə verirlər. Sinif rəhbərlərinə seçdikləri xatirə hədiyyəsi isə xüsusi olur. Elə ona görə də onbirincilər artıq xərcə düşməmək üçün münasib şərtlərlə xidmət göstərcəyini onlara vəd verən obyektlərə üz tutur.

Son zənglə, tədris ilinin başa çatması ilə bağlı tədbirlərini restoranlarda keçirməyi planlaşdıran məzunların xərci adam başına görə masaya ən azı 20-25 manat çıxır. Amma dediklərinə görə məsələ təkcə masaya veriləcək xərclə yekunlaşmır. Sinif rəhbərlərinə, bir-birilərinə seçdikləri hədiyyə və birincilərə alınacaq payı da bura əlavə etsək bu onlara 70-80 manata başa gələcək.

Əyləncə mərkəzlərində keçirilən gecələrdə əlavə sifarişlər razılaşdırılmış qiymətə daxil edilmir. Yəni süfrədə olmayan və sonradan sifariş verilən nemətlərə görə qiymət dəyişir. Buraxılış gecələri üçün qiymət güzəştli olduğundan musiqiçilər də toylarda olduğu kimi tam heyətlə çıxış etmir.

Qiyməti aşağı olan digər kafe və restoranlar da mövcuddur ki, burada qiymətlər 18 manatdan yuxarı deyil. Menyudakı soyuq yeməklərin bir neçəsi azalmaqla gənclər burada əylənə bilər. Ansamblın yerinə isə musiqi mərkəzindən istifadə etmək mümkündür. Ümumilikdə götürəndə restoran və kafe sahibləri bildirdilər ki , ötən illə müqayisədə bu il onlara müraciət edənlər azdır.

Restoran və kafeləri icarə əsasında götürənlər də var. Yəni məzunlar qida məhsullarını özləri almaqla tədbirlərini orada keçirir. Bu, sifarişçilərə təxminən 100-150 manata başa gəlir.

Gözəllik ondur, doqquzu dondur

Məzunlar doyunca əylənmək və bu günü yaddaşlarında ən xoş xatirələrlə həkk etmək üçün günü daha maraqlı təşkil etməyə və necə lazımdı geyinib-keçinməyə can atırlar. Ələlxüsus da qızlar. Bu günlə bağlı keçiriləcək tədbirlədə çox dəbdəbəli görünmək istəyir. Bunun üçün də valideynlərinə şəhərdə tapıla biləcək ən qəşəng və dəbdəbəli parçalardan aldırb, bir çox hallarda hətta tanınmış modelyerlərə belə müraciət edib gözəl libaslar tikdirirlər. Modelyer Günay Quliyeva deyir ki, qızların seçimi çox zaman uzun və dəbdəbəli paltarlar olur. Mən qızlarımıza daha qısa, yerəcən paltar geyinməyi məsləhət görmürəm. 1-ci növbədə bu rahat deyil, bir də yaşlarına uyğun deyil. Bu il bir neçə xanımı fikrindən döndərə bildim”, - deyə modelyer bildirib.

Günay Quliyevanın sözlərinə görə, buraxılış gecəsinə hazırlaşan qızlar arasında müasir dəbin xüsusiyyətlərini əks etdirən geyimlərə də üstünlük verilib: əsasən bel xətti yuxarıda yerləşən ampir üslubu, əzilmiş, qırçınlara yığılmış parçalara son zəngdə çox dəbdə olub. Ziyafət geyimlərinin tikilməsi üçünsə satışda müxtəlif çeşidli parçalar var. 1 metri 5 manatdan başlayaraq, 100-150 manata qədər gözəl parçalar əldə etmək olar. Parçaya, eləcə də onu geyim formasına salan dərziyə çəkilən xərci hesablasaq, bir paltar təxminən 40 - 350 manata başa gəlir.
Ziyafət geyimlərini həmçinin kirayə yolu ilə əldə etmək olar. Bahalı, ya ucuzluğundan asılı olaraq, bir günlük kirayə paltar götürmək üçün 10-200 manat arasında pul xərcləmək lazımdır. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar