Mən minlərlə Azərbaycan tələbəsi ilə birgə təhqir olunmuşam
18 Mart 2011 Cümə 16:20
Əslində, bu , gərgin əməyi, biliyi hesabına yüksək nəticə göstərib ali məktəblərə qəbul olunan hər bir gəncin ünvanına səslənən böhtandır”“Cox götür-qoydan sonra mən bu cəfəngiyata cavab vermək qərarına gəldim”


Bakı. İlhamə İsabalayeva – APA. Tələbə Qəbulu üzrə Dövlət komissiyasının sədri Məleykə Abbaszadənin APA-ya müsahibəsi

- Milli Məclisdə səslənən son ittihamlarla bağlı mövqeyinizi bilmək istərdik...

- Sözsüz ki, belə bir əsassız və böhtan xarakterli ittihamla rastlaşan hər bir insan özünü müəyyən mənada aciz hiss edir. Yəqin, bilirsiniz ki, bu halda məhkəməyə müraciət etmək olmaz, çünki bu ittiham Milli Məclisdə deputat tərəfindən səsləndirilib. Ümumən bizim qanunlar hər hansı deputat tərəfindən parlamentdə səslənən belə ittihamları məhkəmə qaydasında araşdırılmasına yol vermir. Görünür, bəzi deputatlar bizim qanunların humanistliyindən sui-istifadə edirlər. Bəlkə də belə bir quru böhtana ən gözəl cavab sükut olardı. Lakin çox götür-qoydan sonra mən bu cəfəngiyata cavab vermək qərarına gəldim. Əslində bu, öz gərgin əməyi, biliyi hesabına yüksək nəticə göstərib ali məktəblərə qəbul olunan hər bir gəncin ünvanına səslənən böhtandır. Mən isə bir insan və vətəndaş kimi, minlərlə Azərbaycan tələbələri ilə birgə təhqir olunmuşam. Bizim fəaliyyətimiz son dərəcədə şəffafdır. Kim qəbul olunur, kim kənarda qalır, nə qədər bal yığıb - bütün bu məlumatlar internet vasitəsilə əldə oluna bilər. Lakin biliklərin qiymətləndirilməsi və abituriyentlərin arzusu ilə onları ali məktəblərdə yerləşdirməsi ilə bizim işimiz bitmir. Bizə ünvanlanan ittihamların ən gülünc bilirsiniz nədir? Bizə təklif edirlər ki, təhsilin səviyyəsindən və qiymətləndirilməsindən danışmayaq, amma təhsildə olan problemləri həll edək. Lakin bizim əsas vəzifəmiz məhz biliklərin qiymətləndirilməsidir. 1994-cü ildən başlayaraq biz gözəl bir ənənənin təməlini qoyduq. Bildiyiniz kimi, hər il tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili nəticəsində əldə olunmuş materiallar ”Abituriyent” jurnalının 12-ci sayında dərc edilir. Bununla yanaşı, hər il respublikanın bütün şəhər və rayonları üzrə məzunların qəbul imtahanlarındakı nəticələrinə dair xüsusi məlumat kitabçaları hazırlayırıq. Hər bir belə kitabda bölgənin məzunlarının imtahan fənləri üzrə göstəriciləri, topladıqları ballar haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil ocaqlarına qəbul olanların sayı, bölgənin hər bir məktəbinin nəticələri və qəbulolma göstəriciləri öz əksini tapır. Bu kitabçalar ölkənin təhsil şöbələrinə və orta məktəblərinə paylanır. Biz burada nailiyyətlərlə yanaşı, problemləri də göstəririk və göstərməliyik. Mən çox arzu edərdim ki, hörmətli deputatımız onun seçildiyi bölgə üzrə hazırlanan belə məlumatlarla tanış olsun. Biz bölgələrdəki qış aylarında keçirilən bu görüşlərə böyük məsuliyyətlə hazırlaşırıq. Hər bir rayonun müəllimləri də bizim bu araşdırmalara əsaslanaraq öz işini elə bil kənardan qiymətləndirir. Etiraf eləmək lazımdır ki, riyaziyyatın, ana dilinin və digər fənlərin şagirdlər tərəfindən mənimsəmə faizləri böyük maraqla qarşılanır. Bu məlumatlar həm ayrı-ayrı fənlər, həm də ayrı-ayrı məktəblər üzrə dolğun bir mənzərəni yaradır. Biz bu işi görmüşük, görürük və görəcəyik. Əgər bu, kiminsə xoşuna gəlmirsə, o, demək deyil ki, biz hamımız həqiqətə göz yummalıyıq.

- Azərbaycanda orta təhsilin vəziyyəti ilə bağlı açıqlamalarınızın ictimai rəydə çaşqınlıq yaratması iddia olunub. Buna münasibətiniz necədir?

- Bilirsiniz, bölgələrdə keçirdiyimiz görüşlər zamanı hər bir rayonun və bütövlükdə ölkə üzrə təhsildə olan vəziyyət müzakirə olunur. Bu, təhsildə çalışan hər bir insan üçün olduqca vacibdir. Misal üçün, 2010-cu ilin nəticələrinə dair bir rəqəmi diqqətinizə çatdırmaq istərdim. Abituriyentlərin 38 faizə yaxını 100 baldan aşağı nəticə göstərmişdi, yəni başqa sözlə, orta məktəb proqramını mənimsəməyib. Digər bir rəqəm isə qəbulun yox, Təhsil Nazirliyinin keçirdiyi buraxılış imtahanlarının nəticələrinə aiddir: buraxılış imtahanlarında iştirak etmiş şagirdlərin 17%-i attestat almağa müvəffəq olmayıb. Məgər, bu rəqəmlər bizi düşündürməməlidir? Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu cür qeyri-qənaətbəxş nəticələr təkcə bizim araşdırmalarımızın deyil, təhsilin qiymətləndirilməsi ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsbit olunub. Belə ki, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən xüsusi proqram çərçivəsində bir çox dövlətlərdə təhsilin səviyyəsinin 2009-cu il üzrə təhlili nəticəsində bəlli olub ki, 15 yaşlı şagirdlərimiz 65 ölkə arasında oxu savadı üzrə 64-cü, təbiət elmləri üzrə 63-cü, riyaziyyat üzrə isə 45-ci yeri tutur. Qeyd edim ki, analoji tədqiqatlar 2006-cı ildə də aparılıb, 2009-cu ildə bir çox MDB ölkələrində bu sahədə irəliləyiş müşahidə olunub, lakin Azərbaycanda əksinə geriləmə qeydə alınıb. Təbii ki, bununla yanaşı bildirməliyəm ki, Azərbaycanda kifayət qədər istedadlı gənclər də var. Biz istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, digər tərəfdən isə yeniyetmələrin təhsilə daha da həvəsləndirilməsi üçün kifayət qədər işlər aparırıq, hər il «Abituriyent» jurnalının xüsusi buraxılışı qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərə həsr olunur. Çıxışda belə bir absurd fikir də səsləndi ki, biz bisavadları qəbul edirik, onlar da bisavad müəllim olub kəmsavadların siyahısını artırırlar. Axı biz bütün məzunların təqribən 25%-ni qəbul edirik. Bunlar çox savadlı uşaqlardır. Lakin kənarda qalan 75%-in təhsil səviyyəsi də bizi narahat etməlidir.

- Rəhbərlik etdiyiniz qurum əslində korrupsiyada ittiham olundu...

- Mən də bizim hörmətli deputatımız kimi, ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizənin tərəfdarıyam. Əgər TQDK-da korrupsiya ilə bağlı hansısa konkret fakt ona bəllidirsə, korrupsiya ilə mübarizə aparan müvafiq quruma müraciət edə bilər. Mənə şəxsən belə faktlar məlum deyil. O ki qaldı ali təhsil müəssisələrinə bizdən kənar aparılmış qeyri-qanuni əlavə qəbula, bu məsələni biz özümüz daim gündəmə gətirmişik. Biz buna qarşı səlahiyyətlərimiz daxilində mübarizə aparmışıq və aparırıq. Biz hər il magistraturaya, müxtəlif dövlət orqanlarına qəbul zamanı, eləcə də müxtəlif dövlət orqanlarından daxil olan sorğularda əks olunmuş məlumatlar əsasında TQDK xətti ilə ali məktəblərə qəbul olmayan yüzlərlə bakalavr aşkar edirik, bununla bağlı məlumatları ictimaiyyətə və müvafiq qurumlara çatdırırıq. 2005-ci ildən TQDK tərəfindən tələbə və magistrlərin elektron məlumat bazasının yaradılmasına başlanılıb. Bu məqsədlə, respublikanın ali təhsil müəssisələrindən məlumat toplamaq üçün xüsusi Komissiya yaratmışdıq. Komissiya ali məktəblər tərəfindən ona təqdim edilən sənədlər əsasında ali məktəblərin tələbə kontingentini müəyyən edib. Bu fəaliyyət zamanı Komissiya tərəfindən ali məktəblərdə təhsil alan və müvafiq tədris illərində TQDK-nın əmrlərinə əsasən qəbul edilmiş tələbələrin siyahıları müqayisə edilib. Müqayisə zamanı siyahılar arasında fərqlər də müəyyən olunub. Beləliklə, TQDK tərəfindən heç bir ali məktəbə qəbul edilməyən, lakin ali məktəblərdə təhsil alan bir sıra tələbə aşkar edilib. Müvafiq məlumat bazası bizim tərəfimizdən təqdim olunub. Aydındır ki, belə bir hallara görə, biz məsuliyyət daşıya bilmərik.

- Hazırda repetitorluğun geniş yayılmasının səbəblərini nədə görürsünüz?

- Məktəb qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə müstəqil təhsil vərdişlərinin və bacarıqlarının tərbiyə edilməsidir. Elə məktəblər də var ki, orada təhsil alanlara repetitor lazım deyil. Belə məktəblərin siyahısını biz “Abituriyent” jurnalının 12-ci sayında dərc etmişik. Həmin məktəblərdə kifayət qədər yüksək səviyyəli müəllim dərs deyir. Valideynlər də əsasən övladlarına ona görə repetitor tuturlar ki, onlar proqramları yenidən mənimsəsin. Onların bu hüququnu heç kəs əlindən ala bilməz. Mən bir daha vurğulayıram ki, əslində, biz bir qurum kimi müstəqil, repetitorsuz imtahanlara hazırlaşmaq üçün hər cür şərait yaradırıq. Hansı mövzunu şagird zəif bilirsə, ya internetdən bizim mühazirələri dinləyə bilər, ya da dərsliklərlə yanaşı, bizim xüsusi vəsaitlərimizə müraciət edə bilər. Kiminsə uşağı müstəqil işləməyi bacarmır və ona repetitor tuturlarsa, bunun üçün biz heç bir məsuliyyət daşıya bilmərik. O ki qaldı repetitorluğun yayılmasının səbəblərinə, deyə bilərəm ki, bu gün TQDK-nın əsas məqsədlərindən biri hər bir şagirdin, abituriyentin öz üzərində müstəqil çalışmasına imkan yaradan vəsaitlərin, layihələrin hazırlanıb istifadəyə verməsidir. Artıq neçə ildir ki, TQDK abituriyentlər və yuxarı sinif şagirdləri üçün qəbul imtahanları məzmunu və tələbinə uyğun vəsaitlər, eyni zamanda fənlər üzrə siniflər üçün test topluları nəşr edir. Elə bir material yoxdur ki, abituriyent repetitorsuz onu əldə edə bilməsin. Komissiya tərəfindən abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşması, öz bilik səviyyələrini imtahanlara qədər real qiymətləndirmək imkanı yaradılması məqsədilə respublikanın bütün bölgələrində sınaq imtahanları təşkil olunur. Bu cəhətdən TQDK-nın yeni layihəsi çox maraqlıdır. Bu, bizim video-mühazirələrdir. Təcrübəli mütəxəssislərin qəbul imtahanları fənləri üzrə qəbul proqramlarına uyğun hazırladığı bu mühazirələr Komissiyanın internet saytında nümayiş etdirilir. Bu mühazirələri disk və flash-kartlara yükləyərək sonra internet olmayan kompüterdə dinləmək olar. Əslində, TQDK tərəfindən hazırlanan bütün bu vəsaitlər ciddi elmi araşdırmaların nəticəsində ərsəyə gətirilib, gənclərin qəbula məhz müstəqil surətdə hazırlaşmasına hesablanıb və bütün müasir beynəlxalq standartlara uyğundur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar