Məleykə Abbaszadə məktəb direktorlarına xəbərdarlıq etdi
01 İyun 2012 Cümə 12:57
Ona bəzi valideynlərin övladlarının təhsil aldıqları məktəb direktorları ilə danışıqlar aparması barədə məlumatlar çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar növbəti dəfə məktəb direktorları və rayon təhsil şöbələrinə xəbərdarlıq edib. Bunu TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, ona bəzi valideynlərin övladlarının təhsil aldıqları məktəb direktorları ilə danışıqlar aparması barədə məlumatlar çatıb.

"Mənə məlumatlar gəlib çatıb ki, valideynlər sığortalanmaq üçün məktəb direktorlarına yaxınlaşıblar. Onlar da həmin valideynlərə vəd veriblər ki, narahat olmayın, heç bir problem olmayacaq. Amma bir daha xəbərdarlıq edərək bildirirəm ki, nə məktəb direktorları, nə də rayon təhsil şöbələrinin rəsmi şəxsləri imtahan prosesinə müdaxilə edə biləcəklər", - Abbaszadə bildirib.

O qeyd edib ki, məktəb direktorları və rayon təhsil şöbələrinin müdirləri nə imtahanların keçirilməsində, nə də onların nəticələrinin qiymətləndirilməsində iştirak edəcəklər və bu proseslərə müdaxilə də edə bilməzlər.

Qeyd edək ki, sabahdan ölkə ərazisində buraxılış imtahanlarının keçirilməsinə başlanılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar