Məleykə Abbaszadə: “Abituriyentlər TQDK-nı aldatmağa çalışmasınlar”
16 İyul 2010 Cümə 11:25
İyulun 17-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin IV ixtisas qrupuna qəbul imtahanları keçirəcək.
APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, bu qrup üzrə 15 min 348 nəfər ərizə təqdim edib. Onların 14 min 173 nəfəri Azərbaycan, 1175 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 7118-i oğlan, 8230 nəfəri qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyənlərin 86 nəfəri xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1950-ci il, ən gənci isə 1995-ci il təvəllüdlüdür. Bakı şəhərində 14 min 199, Naxçıvanda 1149 abituriyent imtahan verəcək. İmtahanlar bütün binalarda saat 11.00-da başlayacaq.

İmtahanlar Bakı şəhərində 27, Naxçıvanda 3 binada təşkil olunacaq, 1034 nəzarətçi müəllimin iştirak edəcəyi imtahanlara 107 imtahan rəhbəri cəlb edilib.

M. Abbaszadənin sözlərinə görə, III qrupa keçirilən imtahanlar göstərir ki, bəzi abituriyentlər hələ də bir-birlərinə kömək etməklə yaxşı nəticə göstərəcəklərinə və bu yolla ali məktəbə qəbul olacaqlarına inanırlar: “İmtahandan 67 uşaq xaric olunub. Onlar qayda pozuntularına yol veriblər. 31 nəfər 200 baldan yuxarı nəticə göstərən abituriyentin işi xüsusi araşdırma nəticəsində ləğv edilib. Yenə də köçürmə hallarına yol verənlər olur, onlar imtahan vərəqələrini bir-birlərinə verirlər. Buna yol verən şəxslər dərhal imtahan zalından çıxarılır. Qızlar zaldan çıxarıldıqda ağlayırlar və bu ümumilikdə auditoriyaya təsir edir. Binalarda telefon işləyən kimi bəlli olur və o telefondan istifadə edən tapılır. Ona görə də abituriyentlər konspektlərə, telefona və digər köməkçi vasitələrə yox, öz güclərinə arxalanmalıdırlar. TQDK-nı aldatmağa çalışmasınlar”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar