Məktəblərimiz yeni tədris ilinə hazırdırmı?
10 Sentyabr 2010 Cümə 17:25
Təhsil müəssisələrinin təmiri üçün ayrılan vəsait qənaətbəxş deyil.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunun orta məktəbləri yeni dərs ilinə hazırdır. Rayon təhsil şöbəsinin tabeliyində 145 məktəb var, bu məktəblərdən 42-si rayon ərazisində, qalanı isə respublikanın müxtəlif bölgələrində yerləşir. Rayon təhsil şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, köçkün məktəblərinin əksəriyyətində yalnız minimum şərait mövcuddur.
Ağdam rayon təhsil şöbəsinin müdiri Elmira Şükürova bildirib ki, köçkün məktəblər uyğunlaşdırılmış binalarda yerləşirlər, onunla bağlı çətinliklər var.
Rayonun Azərbaycanın nəzarətində olan hissəsində 42 orta məktəb var. Bunlardan 15-nin binası yeni tikilib, 20-yə qədəri isə ötən illər ərzində əsaslı şəkildə təmir olunaraq avadanlıqlarla təmin edilib. Bu il isə yalnız Soltanbud kənd orta məktəbi əsaslı şəkildə təmir olunub. Bu təhsil ocağı həm də maddi-texniki təchizat baxımından rayonun ən nümunəvi məktəbidir. Bu təhsil müəssisəsində laboratoriyalar, kompüter otaqları, futbol meydançası, qapalı idman zalı var. Məktəb mərkəzi istilik sistemi ilə qızdırılır. Məktəbdə ciddi səliqə-sahman yaradılıb.
Bu il Ağdamda bir yeni məktəb binası tikilir. 18 saylı köçkün orta məktəbi məcburi köçkünlər üçün salınan qəsəbənin ərazisində inşa olunur. Binanın tikintisi yeni tədris ilinə qədər yekunlaşacaq və məktəb ən müasir avadanlıqlarla təmin ediləcək. Rayon təhsil şöbəsinin müdiri Elmira Şükürovanın sözlərinə görə, ümumilikdə Ağdamdakı 42 məktəbdən 35-nin vəziyyəti qənaətbəxşdir. 7 binanın isə təmirə ehtiyacı var.
Ən ağır vəziyyət isə Alıbəyli və Əhmədağalı kənd orta məktəblərindədir. 40 il əvvəl inşa olunan Alıbəyli kənd orta məktəbində indiyə qədər əsaslı təmir aparılmayıb. Valideynlər məktəb kollektivinin işindən və tədris prosesindən razı qalsalar da, binanın vəziyyəti onları narahat edir. Birinci Qarabağ müharibəsi zamanı məktəbdə hərbçilər, daha sonra isə məcburi köçkünlər yerləşib. İndiyə qədər məktəbin yalnız dam örtüyü dəyişdirilib və cari təmir işləri aparılıb.
Alıbəyli kənd orta məktəbinin direktoru İsgəndər Quliyev bildirib ki, məktəbin döşəməsi, qapı-pəncərəsi çürüyüb, avadanlıqların hamısı yararsız hala düşüb: “FHN-nin əməkdaşları da 1 il bundan qabaq gəlib baxıb aktlaşdırıblar, məktəbin əsaslı təmiri nəzərdə tutulub, ancaq indiyə qədər təmir olunmayıb”.
Ağdam rayon təhsil şöbəsinin müdiri Elmira Şükürovanın sözlərinə görə, məktəblərin hamısında cari təmir işləri aparılıb. Ancaq təmir üçün ayrılan vəsait qənaətbəxş deyil.
“Bizim 145 məktəb üçün cəmi 82 min manat təmirə vəsait ayrılıb, bununla hansı məktəbi təmir etmək olar? Çox çətindir, ancaq yenə də dövlət hesabına da, öz hesabımıza da bütün məktəblərimizdə cari təmir aparmışıq. Əsaslı təmir yalnız Soltanbud kənd orta məktəbində aparılıb”,- deyə Elmira Şükürova bildirib.
Təhsil şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, rayonda ixtisaslı müəllim çatışmazlığı ümumilikdə həllini tapıb. Ancaq bəzi fənnlər üzrə müəllimə ehtiyac var: “Bizdə problemi köçkünlük yaradır. Çünki məzunlar məskunlaşdıqları yerlərdə işləmək istəyirlər. Bakıda yaşayan ağdamlı Bakıda qalıb işləmək istəyir. Ancaq ingilis dili, coğrafiya və kimya müəllimlərinə ehtiyacımız var. Təxminən 20 ingilis dili, 20-25 coğrafiya, kimya müəllimi olsa, yerləşdirə bilərik”.
Qeyd edək ki, təhsil şöbəsindən bildiriblər ki, gələn il bərbad vəziyyətdə olan Alıbəyli və Əhmədağalı kənd orta məktəblərinin də əsaslı təmir olunması nəzərdə tutulur. Bununla da məktəblərin bina problemi öz həllini tapacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: