Məktəblərdə vakant müəllim yerləri üzrə ərizə qəbulu başa çatıb
15 İyul 2011 Cümə 18:12
Azərbaycanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlər üçün elektron ərizələrin qəbulu başa çatıb.
Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə müəllimlərdən ərizələrin qəbuluna iyulun 1-dən başlanılıb və iyulun 15-i saat 18.00-dək davam etdirilib. Bu günə olan məlumata görə, indiyədək vakant yerlərə 8753 nəfər sənəd verib. Ərizələrin çoxu ibtidai sinif, ingilis dili, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasları üzrə təqdim olunub. Elektron ərizələrin 1706-sı ibtidai sinif, 1509-u ingilis dili, 1291-i Azərbaycan dili və ədəbiyyat, 972-si riyaziyyat, 703-ü tarix, 486-sı fizika, 414-i informatika, 411-i biologiya, 313-ü kimya, 283-ü fiziki tərbiyə, 129-u əmək hazırlığı, 62-si gənclərin çağırışaqədərki hazırlığı, 47-si musiqi və nəğmə, 38-i təsviri incəsənət və rəsmxət ixtisasları üzrədir. Bütün ixtisaslar üzrə ərizə verənlərin 70 faizdən çoxu Bakı şəhərində olan vakant yerləri seçiblər.
Qeyd edək ki, hazırda Azərbaycanda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 374-ü Bakı şəhəri üzrə, 1803-ü isə digər şəhər və rayonlar üzrədir. Vakant yerlərə ərizə verən müəllimlər üçün avqustun 1-dən müsabiqələrin keçirilməsinə başlanılacaq. APA
DOSTLARINLA PAYLAŞ: