Mehriban Əliyeva Pirşağıda 112 nömrəli məktəbi açıb
14 Mart 2013 Cümə Axşamı 22:29
Ölkənin birinci xanımı Mehriban Əliyeva həmçinin 268 nömrəli xüsusi məktəbdə Novruz şənliyində iştirak edib.
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun Pirşağı qəsəbəsində Fondun təşəbbüsü ilə yenidən qurulmuş 112 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Məktəblə tanışlıq zamanı bildirilib ki, təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan olunduğu Azərbaycanda bu prosesə Heydər Əliyev Fondu xüsusi dəstək verir. Bu sahədə Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin icrası uğurla davam edir. Layihənin həyata keçirilməsinin ən vacib məqamlarından biri onun paytaxtla yanaşı, regionlarda icra edilməsidir. Heydər Əliyev Fondunun bu layihəsi təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə, tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib.
Təsadüfi deyildir ki, Fondun təşəbbüsü ilə ölkədə inşa olunan və yenidən qurulan məktəblərin sayı artıq yüzlərlədir. Hazırda onların sırasına Bakının ən qədim kəndlərindən olan Pirşağıda istifadəyə verilən 112 nömrəli tam orta məktəb də daxil olur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan və bütün zəruri avadanlıqla təchiz edilən məktəb ölkəmizdə həyata keçirilən təhsil islahatlarının bariz nümunəsidir.
Qeyd edilib ki, 1934-cü ildən fəaliyyət göstərən bu təhsil ocağı uzun illər ərzində təmir olunmamışdı. Bir müddət əvvəl qəzalı vəziyyətə düşən məktəbdəki şərait tədris prosesində çox ciddi problemlər yaratmışdı. Heydər Əliyev Fondu məktəbin əsas tədris korpusunun inşası ilə bağlı təşəbbüs qaldırmışdı. 2011-ci ilin dekabrında başlanan tikinti işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınaraq həyata keçirilib. Üçmərtəbəli, 660 şagird yerlik binanın ümumi sahəsi 38 min kvadratmetrdən çoxdur. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olacaqdır. Məktəbdə müxtəlif fənn kabinetləri var. Uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün rəsm və rəsmxətt otağı qurulub. Bundan əlavə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün hərbi hazırlıq kabineti yaradılıb. Şagirdlərin informasiya və kommunikasiya texnologiyalarına marağı nəzərə alınaraq məktəbdə kompyuter sinfi yaradılmış və zəruri texniki avadanlıqla təchiz olunub. Buradakı kitabxana da yüksək səviyyəsi ilə diqqəti cəlb edir.
Məlumat verilib ki, məktəbdə 200 adda bədii ədəbiyyat və 13 min dərslik toplanıb. Bütün otaqlar dərs ləvazimatları, əyani vəsaitlər və avadanlıqla təchiz olunub.
Fondun həyata keçirdiyi layihələrdən biri də "Təhsilə dəstək" layihəsidir. Bu layihə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi dərs ləvazimatı ilə təmin olunmasına yönəlib. Heydər Əliyev Fondu məktəbdə biologiya, fizika və kimya laboratoriyalarını şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün əyani vasitələrlə təmin edib. Beləliklə, fəaliyyətində təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondunun 2004-cü ildən başlayaraq "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi istiqamətində həyata keçirdiyi işlər artıq öz bəhrəsini verir.
Şagirdlərin çoxluğunu nəzərə alan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə bu təhsil ocağı üçün 240 yerlik yardımçı bina da tikilmişdi. Təbii ki, bu, mövcud tələbatı qismən ödəməyə imkan verirdi. İndi isə əsas korpus üçün yeni binanın inşası ilə bütün problemlər aradan qaldırılıb.
Diqqətə çatdırılıb ki, məktəbin ətrafında və ərazisində yenidənqurma işləri aparılmış, 3200 kvadratmetr sahədə abadlıq işləri görülüb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məktəbin pedaqoji kollektivi ilə görüşdü, yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik edib.
Azərbaycanın birinci xanımı bildirib ki, dövlətin həyata keçirdiyi siyasətə daim dəstək olan Heydər Əliyev Fondu ölkədə görülən işlərə hər zaman kömək göstərməyə hazırdır. Mehriban xanım Əliyeva qarşıdan gələn Novruz bayramı münasibətilə kollektivi təbrik edib.
Məktəbin müəllimi Qafar Bağırov görülən işlərə görə qəsəbə sakinləri adından Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkdirilib.
Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonundakı 268 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbə gəlib.
Mehriban xanım Əliyeva əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olub. Yüzdən çox əl işinin nümayiş etdirildiyi sərgi uşaqların maraq dünyasını, arzu və istəklərini yetərincə əks etdirir. Daha sonra Mehriban xanım Əliyeva Novruz bayramı münasibətilə məktəbdə keçirilən tədbirdə iştirak edib.
Məktəbin özfəaliyyət dərnəyinin üzvlərinin rəqsləri tədbirə xüsusi ovqat gətirməklə yanaşı, onun daha maraqlı keçməsinə imkan yaradıb. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva 268 nömrəli xüsusi məktəbin müəllim və şagirdlərini bayram münasibətilə təbrik edərək deyib: "Mən sizi bu gün görməyə, xüsusilə də belə bayram əhval-ruhiyyəsində görməyə çox şadam. Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. On il bundan əvvəl mən ilk dəfə sizin məktəbə gəlmişdim. Biz ilk dəfə o vaxt görüşdük. Artıq o zaman birinci sinifdə oxuyan uşaqlar indi məktəbi bitirirlər, 9-10-cu sinfin şagirdləridirlər.
Onu da demək istəyirəm ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən Azərbaycanın internat məktəbləri və uşaq evlərinin inkişaf proqramı məhz sizin məktəbinizdən başladı. Sizin məktəbiniz ilk məktəb idi. Ondan sonra onlarla məktəb yenidən quruldu, təmir olundu. Buna görə, mən hər il bu bayram ərəfəsində sizinlə bir yerdə olmağa çox şadam. Çox şadam ki, balalarımız gözəl təhsil alır, böyüyürlər. Çox şadam ki, belə yaxşı şəraitdə təhsil alırsınız. Onu da demək istəyirəm ki, mən hər zaman sizinlə görüşə xoş duyğularla gəlirəm".
Sonra şagirdlərə Heydər Əliyev Fondunun bayram hədiyyələri təqdim edilib.
Azərbaycanın birinci xanımı məktəbin sinif otaqlarına da baxdı, cari təmir işlərinin aparılması ilə bağlı müvafiq tövsiyələrini verib.
1927-ci ildə istifadəyə verilən məktəb 2003-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq, yenidən qurulub. İkimərtəbəli bina bütün avadanlıqla təchiz edilib. Hazırda xüsusi məktəbdə təhsil alan 920 şagirdin təlim-tərbiyəsi ilə 250 pedaqoq məşğul olur. Bu şagirdlərin 140-ı məktəblə daimi təmasdadır, digərləri isə təhsillərini ev şəraitində davam etdirirlər.
DOSTLARINLA PAYLAŞ: