Malayziya və Yaponiya universitetləri biliyi və bacarığı olan yetərincə azərbaycanlı tələbəni qəbul etməyə hazırdır. ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib. O, bildirib ki, bu yaxınlarda həmin ölkələrdə səfərdə olarkən belə bir təklif alıb. "Hətta görüş keçirdiyim bir yapon fondu həmin tələbələrin xərclərinin müəyyən hissəsini öz üzərinə götürməyə hazır olduğunu bildirdi".
Misir Mərdanov Azərbaycan məktəblərinin bir neçəsində yapon dilinin xarici dil kimi tədrisini də məqsədəuyğun hesab edir: "Düşünürəm ki, Azərbaycan məktəblərinin bir neçəsində yapon dili xarici dil kimi öyrənilsə, yaxşı olar. Çünki Yaponiyada təhsil bütövlükdə yapon dilindədir. İmkan tapıb Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşəcəyəm və bu məsələni onunla müzakirə edəcəyəm" - deyə təhsil naziri söyləyib.
Esmira Cavadova /ANS PRESS/