Magistrlərə əsgərlikdən möhlət veriləcək?
27 Aprel 2013 Şənbə 19:28
Milli Məclisin Elm və Təhsil Komitəsi müvafiq qanun hazırlayıb.
Milli Məclisdə “Elm haqqında” yeni qanun layihəsi hazırlanır. Bu sənəd alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, elm sahəsində rəqabət mühitinin yaradılması üçün tədbirlər görülməsi ilə yanaşı magistrlara hərbi xidmətdən möhlət verilməsini də nəzərdə tutur.

“Elm haqqında” qanunu Milli Məclisin Elm və Təhsil Komitəsi hazırlayıb. Bu, müstəqillik tarixində elm sahəsini tam əhatə edən ilk qanunvericilik aktı olacaq. Sənədin parlamentin yaz sessiyası ərzində plenar iclasda müzakirə ediləcəyi gözlənilir. Qanunda maraq doğuran məqamlardan biri ali təhsilin magistr pilləsinə qəbul olunmuş şəxslərə möhlət hüququnun verilməsidir.

Xatırladaq ki, bundan əvvəl də bir neçə dəfə Milli Məclisdə magistrlara möhlət hüququnun verilməsi məsələsi gündəmə gətirilib. Amma millət vəkillərinin heç də hamısının buna münasibəti bir mənalı olmayıb. Məsələn, ölkənin keçmiş hərbi komissarı, millət vəkili Əliağa Hüseynov bunun orduda insan resurslarının çatışmazlığına səbəb olacağını demişdi. Digər deputat Fazil Mustafa isə bu dəyişikliyin ordudan yayınma hallarına səbəb ola biləcəyini əsas gətirərək diqqətli olmağı məsləhət görmüşdü.

Amma deputatların əksəriyyəti məsələyə müsbət yanaşır. Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid Oruc hesab edir ki, magistrlara möhlət hüququnun verilməsi ilk növbədə təhsildə fasiləsizliyə səbəb olar. Üstəlik Azərbaycanda əhalinin artım problemi olmadığına görə ordunun komplektləşdirilməsi çətinlik yaratmayacaq. Millət vəkili deyir ki, əgər möhlət hüququ verilərsə, Azərbaycanda təhsil işçiləri arasında qadınların sayının həddən artıq çox olması, elm sahəsində isə gənclərin azlığı problemi aradan qalxar.

Məsələ ilə bağlı vətəndaşların fikirləri də fərqlidir. Magistrlərə möhlət hüququnun verilməsi məsələsində hər zaman universitet rektorları və TQDK ilə fikirləri üst-üstə düşməyən Müdafiə Nazirliyinin mövqeyi isə bundan ibarətdir ki, hələlik bu müddəa qanunvericilikdə öz əksini tapmayıb. Əgər qanun qəbul olunarsa, onda nazirlik də qanuna müvafiq qərarlar verəcək.




DOSTLARINLA PAYLAŞ:

oyunlar