Magistraturaya qəbul qaydalarında dəyişikliklər edilib
09 Yanvar 2013 Çərşənbə 00:51
Fevral ayında magistratura imtahanının 1-ci mərhələsi üzrə sınaq imtahanının keçirilməsi gözlənilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul qaydalarında bəzi dəyişikliklər edib. APA-nın xəbərinə görə, bu barədə TQDK-nın magistratura şöbəsinin müdiri Natiq Əliyev deyib. O bildirib ki, əvvəlki illərdə imtahanda məntiqi təfəkkür üzrə test blokuna həm çoxseçimli, həm də açıq tipli test tapşırıqları daxil edilirdisə, bu ildən xarici dil və informatika üzrə test bloklarına da hər iki tipli test tapşırıqlarının daxil edilməsi nəzərdə tutulur.
N.Əliyevin sözlərinə görə, bu il ilk dəfə olaraq fevral ayında magistratura imtahanının 1-ci mərhələsi üzrə sınaq imtahanının keçirilməsi gözlənilir.
O qeyd edib ki, TQDK tərəfindən “Magistr” jurnalının xüsusi buraxılışının 1-ci sayı nəşr edilib. Jurnalda ali məktəblərin magistraturalarına qəbul qaydaları, xarici dillər üzrə qəbul imtahanı proqramları, informatika üzrə qəbul imtahanı proqramı və digər məlumatlar dərc edilib. Ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə test bloku üç bölmədən ibarətdir.
Yaxın günlərdə TQDK tərəfindən tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün “İnformatika” adlı vəsait nəşr ediləcək. “Məntiq testləri” vəsaitinin 3-cü təkmilləşdirilmiş nəşri bu ilin oktyabrında bakalavrların istifadəsinə verilib.
DOSTLARINLA PAYLAŞ: