2009-2010-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinin magistraturasına sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumat görə, sənədlərin qəbulu internet vasitəsi ilə aprelin 13-dən 20-dək aparılacaq. Bakalavr şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə daxil ola və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldura bilər.
Bundan sonra bakalavr bitirdiyi ali məktəbdə TQDK tərəfindən yaradılmış müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK-ya) tələb olunan sənədləri təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirməlidir. Nəzdində SQK fəaliyyət göstərməyən ali məktəblərin məzunları elektron ərizələrini digər ali məktəblərdə yaradılmış SQK-lardan birində təsdiq etdirə bilərlər.
Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları və xarici dövlətlərin vətəndaşları isə “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirməlidirlər. “Bakalavrın elektron ərizəsi” formasının təsdiqi üçün TQDK tərəfindən yaradılmış SQK-ların siyahısı “Magistr” 3 jurnalında dərc olunub.
Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün saat 9-dan 17-dək müvafiq SQK-ya “TQDK-nın ödəmə kartı”nı və aşağıdakı sənədləri təqdim etməlidirlər: Şəxsiyyəti təsdiq edən sənədin əsli, təhsil haqqında sənədin əslini və məzunu olduqları təhsil müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı, ali məktəbə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən bakalavr haqqında arayışı (cari ilin məzunları həmin ali məktəb tərəfindən müəyyən edilmiş formada arayışı).
Qəbul imtahanları iki mərhələdə keçiriliəcək. Birinci mərhələdə test üsulu ilə bakalavrın məntiqi təfəkkürü (50 sual), informatika və xarici dili bilmə səviyyəsi (25 sual), ikinci mərhələdə isə test üsulu ilə (bəzi proqramlar üzrə isə yazılı imtahanla) qəbul olunmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanılır.
Hər iki mərhələdə bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.
Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. HSM 020000 Filologiya və HSM 040000 Dilşünaslıq istiqamətlərinə daxil olan ixtisasları seçmək istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi göstərə bilməzlər.
Tədrisi ingilis dilində olan ixtisasları seçmək istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini göstərməlidirlər.
Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən, məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar ikinci mərhələyə buraxılırlar.
İkinci mərhələyə buraxılan bakalavrlar müəyyən olunmuş tarixdə elektron ərizələrinə daxil olaraq bitirdiyi bakalavr ixtisasına uyğun proqramı və ixtisasları seçərək təsdiq etməlidirlər.
Ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq istəyən şəxsin seçdiyi magistr ixtisasları onun bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır.
Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəblərinin təhsili ödənişsiz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır. İkinci magistr təhsili almaq istəyən şəxslər yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər.
Xarici dövlətlərin vətəndaşları, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız təhsili ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər.
İxtisasların ardıcıllığı bakalavrın özü tərəfindən müəyyənləşdirilir.
İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Yazı işləri 50 ballı şkalada qiymətləndirilir.
İmtahan suallarının cavablandırılmasına birinci mərhələdə 2 saat 30 dəqiqə, ikinci mərhələdə isə saat 30 dəqiqə vaxt ayrılır.
Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal 75-dən, o cümlədən ixtisas üzrə (testdən, essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal 20-dən az olmamalıdır.
Qeyd edək ki, qəbul imtahanları Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
Naxçıvan şəhərində yalnız Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və orada yaradılmış SQK-ya sənəd verən bakalavrlar imtahan verirlər.
9, 11, 27, 38, 40, 43, 45, 46, 54 və 63 saylı proqramlara daxil olan ixtisasları seçən bakalavrlar imtahanın ikinci mərhələsini Bakı şəhərində verəcəklər.
Qəbul imtahanının hər bir mərhələsində iştirak etmək üçün bakalavrın ayrılıqda "İmtahana buraxılış vərəqəsi" olmalıdır. İmtahanının birinci mərhələsində iştirak etmək üçün ərizəsini SQK-da təsdiq etdirmiş bakalavr müəyyən olunmuş tarixdə öz elektron ərizəsinə daxil olaraq birinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürür. Qəbul imtahanının ikinci mərhələsinə buraxılan bakalavrlar bitirdiyi bakalavr ixtisasına uyğun proqramı və ixtisasları seçərək təsdiq etdikdən sonra müəyyən olunmuş tarixdə elektron ərizəsinə daxil olaraq ikinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürür.
Bakalavrlar hər iki mərhələdə "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən ünvanda və tarixdə imtahanda iştirak etməli, "İmtahana buraxılış vərəqəsi"ni (hər mərhələ üçün ayrılıqda) və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətirməlidirlər.
Kəmalə Məmmədova/ANS PRESS/