Magistraturaya 1865 vakant yer qalıb
29 İyul 2011 Cümə 13:09
"Bakalavrlar müəyyən səbəblərdən qəbul olduğu ixtisaslarda təhsil almaqdan imtina edir".
Bu tədris ili üzrə ali təhsil müəssisələrinin magistraturalarında 1865 vakant yer qalıb. Həmin yerlərin müsabiqəsində iştirak hüququ olan bakalavrların ümumi sayı 2253 nəfərdir. Müsabiqənin şərtlərini ödəyən bəzi bakalavrlar qeydiyyatdan hələlik keçməyiblər. Bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bəzi prestijli ixtisaslara qəbul olunan bakalavrlar hələlik ərizələrini təsdiq etməyiblər: “Məsələn, “Hüquqşünaslıq” ixtisası üzrə 2 ödənişli vakant yer var. Həmin boş yerə isə 192 nəfər namizəddir. Lakin bu vaxta qədər müəyyən səbəblərə görə bakalavrlar ərizələrini təsdiq etdirməyi düşünmürlər”.
Qeyd edək ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul 2011-ci il fevralın 20-də və iyunun 26-da keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunmuş bakalavrın boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
Bakalavrlar boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək üçün 1 avqust saat 9.00-dan 8 avqust saat 09.00-dək TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləyirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: