Magistraturalarının boş qalan plan yerlərinə qəbul başlayır
28 İyul 2010 Çərşənbə 10:10
Bakalavrlar müsabiqədə iştirak etmək üçün 29 iyul-5 avqust tarixlərində ərizələrini təsdiqləməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edib. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, qəbul mayın 2-də və iyunun 20-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılacaq.

Ali təhsil müəssisəsinin magistraturasına qəbul olmuş bakalavrın boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 29 iyul saat 09.00-dan 5 avqust saat 09.00-dək TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləyirlər. Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni ödəmə kartını almalıdırlar.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” xüsusi buraxılışının 6-cı sayında dərc edilib.

Hər bir bakalavr bu siyahıdan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavrlara bitirdikləri bakalavr ixtisasından asılı olmayaraq imtahan verdiyi proqrama aid olan bütün ixtisaslaşmaların kodunu seçmək imkanı verilir. 45, 50, 51, 52, 53, 54, 61, 62 və 64 saylı proqramlar üzrə imtahan vermiş bakalavrlar isə imtahan verdikləri proqrama aid və yalnız bitirdikləri bakalavr ixtisasına müvafiq ixtisaslaşmaların kodlarını seçməlidirlər. Bunun üçün ixtisaslaşma seçimi cədvəlindən istifadə edilməlidir.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Müsabiqədə iştirak etmək üçün bakalavrın ikimərhələli imtahanda topladığı ümumi bal (balların cəmi) 75-dən, ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (bəzi proqramlar üzrə- 80-dən), o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavabdan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılırlar.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) toplanılan bal;
bakalavriat səviyyəsi üzrə orta qiymət balı;
ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
xarici dil üzrə testdən toplanılan bal.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri ilə əlaqədar müraciətlərə TQDK-da yaradılmış apelyasiya komissiyası tərəfindən 2010-cu il iyulun 28-dən iyulun 30-dək baxılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar