Bu il ali məktəblərin magistratura pilləsinə daxil olmaq istəyən bakalavrların sənəd qəbulunda yenilik edilib. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, artıq magistr pilləsinə qəbul olmaq istəyən bakalavrlar imtahana buraxılış vəsiqəsini ərizələri təsdiq olunduqdan sonra internet vasitəsilə özləri üçün çap edə biləcəklər.
«Bunun üçün bakalavrın ərizəsi elektron formada doldurulur. Ölkə üzrə ali məktəblərdə yaradılan 25 məntəqədə diplomlarını təsdiqləyirlər. İmtahana buraxılış vəsiqəsini isə elektron ərizə səhifəsinə daxil olub özləri üçün çap edə biləcəklər. Bununla bağlı Sənəd Qəbulu Komissiyasına müraciət etməyəcəklər»,-deyə M. Abbaszadə bildirib.
O qeyd edib ki, bu il magistratura pilləsinə plan yerləri hələ elan olunmayıb: «İyun ayına qədər dövlət tərəfindən magistraturaya qəbul planının təqdim olunması gözlənilir. Magistrlər imtahanın birinci pilləsində iştirak edəcəklər. Daha sonra plan yerləri elan ediləcək və birinci mərhələni bitirən və müvafiq bal toplayan bakalavrlar ikinci mərhələdə iştirak etmək üçün hüquq qazanacaqlar. Magistraturaya imtahanın birinci mərhələsinin mayın 23-də keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdən keçənlər iyunun 8-dən 13-nə qədər proqram seçimi edəcəklər. İmtahanların ikinci mərhələsi isə iyunun 21-də keçiriləcək».
Röya Rəfiyeva /ANS PRESS/