Magistr olmaq istəyənlərin nəzərinə!
22 İyul 2014 Çərşənbə Axşamı 13:37
Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilib.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilib.

ANS PRESS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadla verdiyi məlumata görə, müsabiqə 2014-cü il martın 2-də və mayın 25-də magistratura səviyyəsinə keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında aparılır.

Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar 2014-cü il avqustun 4-dən 11-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Bunun üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunacaq. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar