Leyla Əliyeva Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
08 Dekabr 2011 Cümə Axşamı 04:40
Leyla Əliyeva: “Bu il təqaüd alan tələbələrin sayını artıracağıq”.
Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Rusiyanın ali məktəblərinin birinci kursunda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Moskvadan və Rusiyanın regionlarından olan 500-dən çox tələbə iştirak edib.

Əvvəlcə RAGT-nin fəaliyyəti və onun keçirdiyi tədbirlər haqqında videoçarx nümayiş etdirilib.

RAGT-nin sədri Leyla Əliyeva tələbələri ali məktəblərə qəbul olunmaları münasibətilə təbrik edərək, bu təşkilatın mövcud olduğu dörd il ərzində onun gördüyü işlər barədə məlumat verib “Bu gün cəsarətlə demək olar ki, bu müddətdə biz böyük uğurlar və yüksək nəticələr qazanmışıq”, - Leyla Əliyeva deyib. O, qeyd edib ki, bu gün Rusiyanın 60 regionunda RAGT-nin regional bölmələri mövcuddur. Bu bölmələr fəal iş aparır və təşkilatın üzvlərinin sayı daim artmaqdadır. “RAGT həm Azərbaycan gənclərini birləşdirməyə, həm də onların Rusiya cəmiyyətinə inteqrasiyasına, Vətəndən uzaqlarda özlərini rahat hiss etmələrinə kömək göstərməyə çalışır. Sizin hər birinizin Azərbaycanın böyük mədəniyyətini, onun tarixini, ənənələrini irəlilətmək üçün çox iş görə biləcəyinizi başa düşməyiniz, hər birinizin Rusiyada öz vətəninizi ləyaqətlə təmsil etmək məsuliyyətini hiss etməyiniz çox vacibdir”, - Leyla Əliyeva vurğulayıb.

Gənclər hərəkatının lideri onu da qeyd edib ki, 2011-ci ilin iyun ayında Sankt-Peterburqda RAGT-nin üçüncü konfransı keçirilib, təşkilatın gələcək planları, təşəbbüsləri və layihələri müzakirə edilib.

Leyla Əliyeva RAGT-nin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi ən başlıca aksiyalardan biri – 1992-ci ilin fevral ayında baş vermiş və dinc insanların həyatına son qoymuş faciə haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında söz açıb.

“RAGT səhiyyəyə, sağlam həyat tərzinin təbliğinə də böyük diqqət yetirir. Bizim “Qanın milləti yoxdur” devizi altında keçirdiyimiz təmənnasız qanvermə, habelə “Sağlam olduğunu yəqin et, xəstəliyə “yox” de” aksiyaları ilə yəqin ki, siz hamınız tanışsınız. Bu aksiyalar çərçivəsində xəstələr pulsuz müayinə və müalicə oluna bilərlər. Biz QİÇS, narkomaniya, alkoqolizm və siqaret çəkməyə qarşı mübarizə kampaniyasına da başlamışıq. Bizim fəallar müxtəlif ali və ümumtəhsil məktəblərində olur, mühazirələr oxuyur, təqdimatlar keçirir, gənclərin zərərli vərdişlərin mənfi nəticələrindən xəbər tutmasına, sağlam həyat tərzi keçirməsinə kömək edirlər. Əlbəttə, RAGT gənclərin idmanla əlaqədar bütün təşəbbüslərini dəstəkləyir. Hər il Heydər Əliyev Kuboku uğrunda mini-futbol turniri keçirilir və bu yarışların iştirakçılarının sayının artması bizi sevindirir. Biz “Şən və Hazırcavablar Klubu” və “Nə? Harada? Nə vaxt?” intellektual oyunlarını da dəstəkləyirik. Əgər kim isə hələlik bu oyunlarda iştirak etmirsə, bizə qoşulsun, çox şad olarıq”, - Leyla Əliyeva deyib.

Leyla Əliyeva bu ilin oktyabr ayında start götürmüş yeni kampaniya - Ətraf mühitin qorunması kampaniyası - İDEA barədə söhbət açaraq bildirib ki, bu aksiyanın məqsədi ictimaiyyətin diqqətini mövcud ekoloji problemlərə cəlb etmək, ətraf mühiti, heyvanları müdafiə etmək, ağac əkməkdir: “Bu kampaniyada ən başlıca məqam ondan ibarətdir ki, biz gördüyümüz hər işə kreativ yanaşma tapmağa çalışırıq. Buna görə həmin kampaniyada gənclərin iştirak etməsi zəruridir. Bizim şüarımız belədir: “Bir Yer – bir gələcək”. Mən sizin hamınızı bu kampaniyaya qoşulmağa çağırıram. Biz birlikdə planetimizi xilas etmək üçün mümkün olan hər şeyi edəcəyik”.

Sonra Leyla Əliyeva qeyd edib ki, 2009-cu ildə RAGT əlaçı mükafatı, bir il sonra isə aztəminatlı ailələrdən olan tələbələr üçün təqaüd təsis edib: “Bu il biz təqaüd alan tələbələrin sayını artıracağıq. Ümid edirəm ki, əlaçıların da sayı artacaqdır”.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu qeyd edib ki, Leyla Əliyeva artıq üçüncü ildir ki, birinci kurs tələbələri ilə görüşlər keçirir və bu, yaxşı bir ənənəyə çevrilib. O, RAGT-nin apardığı böyük və xeyirxah işlərə görə təşkilatın rəhbərinə təşəkkür edərək vurğulayıb ki, bu təşkilat yaradılandan sonra çox şey dəyişmiş və Azərbaycan gəncləri onun lideri Leyla Əliyevanın ətrafında sıx birləşiblər. Səfir tələbələri yaxşı oxumağa və Vətənimizə layiq olmağa çağırıb.

Tədbirin rəsmi hissəsindən sonra Leyla Əliyeva 34 tələbəyə “RAGT əlaçısı” sertifikatlarını və mükafatlarını təqdim edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar