“Keçid balı 150-yə salınsa da, 250-dən aşağı bal toplayan qəbul olmayacaq”
27 İyul 2012 Cümə 12:18
TQDK sədri I ixtisas qrupu üzrə imtahanlarda keçid balının 150-yə salınmasının səbəblərini açıqlayıb


Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərin I ixtisas qrupu üzrə minimal keçid balının 150-yə salınmasının səbəblərini açıqlayıb.

APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri bildirib ki, I ixtisas qrupu üzrə minimal balın 150-yə salınmasına ictimaiyyət tərəfindən müxtəlif şərhlər verilir: “Bəzi mütəxəssislər belə fikir yürütdülər ki, dövlətin pulları aşağı ballı uşaqlara təhsil verməyə gedir. Biz müsabiqədə iştirak etmək üçün minimal balı aşağı saldıq. Amma dövlət sifarişli yerlərə 250-dən aşağı bal toplamış bir uşaq da qəbul olmayacaq. Bu il I ixtisas qrupu dövlət sifarişli yerlərin sayı 4146-dır. 250 baldan yuxarı bal toplayan abituriyentlərin sayı isə 6092-dir. I ixtisas qrupunun informasiya texnologiyaları, neft-qaz mühəndisliyi kimi ixtisaslarında çox yüksək müsabiqə vəziyyəti gözlənilir”.

M. Abbaszadə deyib ki, dövlət I ixtisas qrupu üzrə çoxlu mütəxəssislərin olmasını istəyir: “Bu qrupda əvvəlki illərin məzunu olan 7000-dən çox oğlana hərbi xidmətdən qayıtdıqdan sonra oxumaq imkanı veririk. Digər tərəfdən son zamanlar xarici ali məktəblərin güclü reklam kampaniyası gedir. Onlar abituriyentlərə imtahansız, attestatsız dünyanın möhtəşəm universitetlərində oxumaq təklif edirlər. Biz istəmirik ki, abituriyentlər və onların valideynləri belə işbazların toruna düşsünlər. Ona görə də onlara leqal yol -150 balla ali təhsil almaq təklif edilir və beləliklə də, korrupsiya sxemi aradan çıxır. Hansı ali məktəb təklif eləsə ki, onlar 150 ballıq mütəxəssislər istəmirlər və plan yerlərini boş saxlamaq istəyirlər, biz bu müraciətlərə baxa bilərik. Bizə hələ indiyə
qədər hələ belə müraciət edən olmayıb”.

TQDK sədri qeyd edib ki, I ixtisas qrupunda daha çox istehsalata aid ixtisaslar var: “Bu sahədə kadr qıtlığı hiss olunur. Ona görə də istəyirik ki, uşaqlar 150 balla da olsa, gedib oxusunlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar