İxtisas seçərkən hansı suallar cavablandırılmalıdır?
15 Mart 2011 Çərşənbə Axşamı 11:55
TQDK “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlı vəsait nəşr edib
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlı vəsait nəşr edilib. Bu barədə məlumat ANS PRESS-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilib.
“Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlanan bu nəşr Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ali təhsil pilləsinin Dövlət standartları və proqramı” sənədinə istinadən və TQDK-nın informasiya bazasında olan məlumat və materiallar əsasında hazırlanıb.
Təqdim olunan vəsait ixtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarətdir. Birinci kitab I qrup ixtisaslarına (65 ixtisas), ikinci kitab II qrup ixtisaslarına (19 ixtisas), üçüncü kitab III qrup ixtisaslarına (45 ixtisas) və dördüncü kitab isə IV qrup ixtisaslarına (23 ixtisas) həsr edilir.
Xatırladaq ki, abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə TQDK hər il ayrı-ayrı ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər çap edir. Vəsaitlərdə təhsil formaları müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar təqdim olunur. Bu da hər bir müsabiqə iştirakçısına özündən çox və özündən az bal toplamış abituriyentlərin, yəni “rəqiblərinin” sayı və keçid ballarına nəzərən müsabiqə vəziyyəti yüksək və aşağı olan ixtisaslar haqqında məlumat almağa, ixtisas seçimi zamanı yaranmış müsabiqə vəziyyətində öz yerini təqribən də olsa müəyyən etməyə, bu və ya digər ixtisasa qəbul olmaq şansını real qiymətləndirməyə imkan yaradır.
Ümumiyyətlə, ixtisas seçərkən ən azı üç suala cavabı əsas götürmək lazımdır:
–Mən nə istəyirəm?..
–Mən nəyi bacarıram?..
–Mənim seçdiyim ixtisasa tələbat nə dərəcədədir?
Bu zaman uğurlu ixtisas seçiminə müsbət təsir göstərən aşağıdakı amillər də unudulmamalıdır: ixtisas haqqında məlumatlarla ətraflı tanış olmaq; istəyi ilə bərabər öz bilik və bacarığını, hazırlıq səviyyəsini və mövcud müsabiqə vəziyyətinin reallıqlarını düzgün qiymətləndirmək.
Qeyd edək ki, bakalavr ixtisasları haqqında bu nəşr ilk təşəbbüsdür. Yəqin ki, müəyyən arzu, təklif, rəy və münasibət də doğuracaq. Bunlar kitabların gələcəkdə daha da təkmilləşməsinə töhfə verə bilər. Daxil olan bütün arzu, təklif və rəylər TQDK tərəfindən hökmən nəzərə alınacaq.
DOSTLARINLA PAYLAŞ: