IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb
20 İyul 2010 Çərşənbə Axşamı 10:10
IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb. İmtahanlarda 3 abituriyent 700 bal toplayıb.
Bakı-APA. 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 17-də keçirilmiş qəbul imtahanının nəticələri iyulun 19-da saat 17:15-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. TQDK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az/ internet saytından çap edib götürə bilər.
IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 15348 abituriyent ərizəsini təsdiq etdirib, onlardan 14710 nəfəri imtahanda iştirak edib.
Test imtahanının nəticəsinə əsasən 3845 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlardan 3 nəfəri maksimal nəticə - 700 bal toplayıb.
IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarına fənnlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir. IV ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən az olmayan abituriyentlər iştirak edə bilər. APA
DOSTLARINLA PAYLAŞ: