IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
16 İyul 2011 Şənbə 11:02
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012 tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
Bu gün, həmçinin, hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (feldşer ixtisası üzrə) də qəbul imtahanıdır. APA-nın məlumatına görə, respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada keçirilən imtahana 1290 nəzarətçi müəllim və 132 imtahan rəhbəri cəlb olunub.
Bu il IV qrup üzrə 14 619 abituriyent ərizə təqdim edib. IV ixtisas qrupu üzrə sənəd verənlərin 13 525 nəfəri Azərbaycan bölməsinin, 1094 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 7307 nəfərini oğlanlar, 7312 nəfərini isə qızlar təşkil edir. 8281 nəfər orta ümumtəhsil məktəblərinin builki, 5882 nəfər əvvəlki illərin, 405 abituriyent isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 70 abituriyent xarici ölkə vətəndaşıdır, 51 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Ən yaşı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir. Bakıda 10 804, Naxçıvanda 1048, Gəncədə 1848, Lənkəranda isə 919 abituriyent imtahan verir. Saat 11.00-da başlayan və 3 saat davam edəcək imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Bu gün saat 19.00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunan sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.
IV ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla “İmtahancell” xidməti vasitəsi ilə öyrənə biləcəklər. APA
DOSTLARINLA PAYLAŞ: