IV ixtisas qrupu üzrə imtahanın nəticələri açıqlanıb
20 İyul 2009 Bazar Ertəsi 18:10
Bu dəfə keçid balı aşağı salınmayıb

 

Bu gün ali məktəblərə IV ixtisas qrupu üzrə iyul ayının 18-də keçirilən imtahanın nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Elnur Nağızadənin ANS PRESS-ə verdiyi məlumata görə, bu dəfə keçid balı aşağı salınmayıb. İxtisas seçimi mərhələsinə IV ixtisas qrupunda ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılıblar.

Qeyd edək ki, IV ixtisas qrupu üzrə imtahanda 15218 abituriyent iştirak edib. Bu ixtisas qrupu üzrə təqdim olunan plan yerlərinin ümumi sayı 3455-dir.

Test imtahanının nəticəsinə əsasən 3785 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb (Azərbaycan bölməsi üzrə 3255 nəfər, rus bölməsi üzrə 490 nəfər). Ən yüksək nəticə göstərən abituriyent 695 bal yığıb.

İxtisas seçimi iyulun 25-dən avqustun 3-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 4-cü sayında dərc olunub. Orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 7-dən 11-dək internet vasitəsilə aparılacaq. Həmin ixtisasların siyahısı “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar