İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərin sayı açıqlandı
30 Aprel 2014 Çərşənbə 17:47
Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü il mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.
ANS PRESS-in TQDK-nın saytına istinadən verdiyi məlumata görə, abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni aprelin 29-dan etibarən TQDK-nın internet saytına daxil olaraq əldə edə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 8215 abituriyentdən 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2352 nəfər isə əvvəlki illərin məzunlarıdır. 35 abituriyent ali təhsil müəssisələrinin, 363 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il, ən gənc abituriyent isə 1999-cu il təvəllüdlüdür.
İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 659 nəzarətçi müəllim ayrılıb.
Bakı şəhərində 5367, Naxçıvanda 27, Gəncədə 865, Sumqayıtda 524, Şəkidə 357, Ağcabədidə 102, Göyçayda 206, Şirvanda 128, Lənkəranda 134, Xaçmazda isə 505 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.
İmtahan Bakı şəhərində 9 , Naxçıvanda 1 , Gəncədə 2 , Sumqayıtda 1, Şəkidə 1 , Ağcabədidə 1 , Göyçayda 1 , Şirvanda 1 , Lənkəranda 1 , Xaçmazda 1 binada keçiriləcək.
Abituriyentlər imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini.
- İmtahan bütün şəhərlərdə eyni vaxtda- saat 13:00-da başlanır.
Mayın 4-də keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 25 aprel 2014-cü ilə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər. “Elektron ərizə”lərini 25 aprel 2014-cü il tarixindən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə 2014-cü il iyulun 3-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.
İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Mayın 4-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2014-cü il iyulun 3-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
DOSTLARINLA PAYLAŞ: