III qrupda keçid balı aşağı salındı
07 İyul 2010 Çərşənbə 15:25
250 və daha yüksək bal toplayan, hər bir fənn üzrə topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçiminə buraxılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə müsabiqədə iştirak üçün tələb olunan ümumi balı aşağı salıb.
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, III ixtisas qrupu üzrə 300 və daha yüksək bal toplayan abituriyentlərin müsabiqəyə buraxılması nəzərdə tutulurdu. Amma imtahanın nəticələri qənaətbəxş olmadığı üçün TQDK normal müsabiqə vəziyyətinin yaranmasını tənzimləmək məqsədilə müsabiqəyə 250 və daha yüksək bal toplayan, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin ixtisas seçiminə buraxılması barədə qərar qəbul edib. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən az olmayan abituriyentlərin iştirakı nəzərdə tutulsa da, bu bal da azaldılaraq 350-yə endirilib.
E. Nağızadə deyib ki, bu il III ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent yoxdur. Ən yüksək nəticə göstərən abituriyent 690 bal toplayıb. İmtahanda 1767 nəfər 200-250 bal intervalında nəticə göstərib.
TQDK rəsmisinin sözlərinə görə, bu il III qrup üzrə imtahanın nəticələri ötənilkindən bir az zəifdir. Digər ixtisas qruplarına gəldikdə, E. Nağızadə bildirib ki, qalan qruplar üzrə balların azaldılması hələlik nəzərdə tutulmayıb. Amma bununla belə, bu məsələ yenə də imtahan nəticələrindən asılı olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: