II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb
25 İyul 2010 Bazar 20:45
II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb. Cavablar TQDK-nın internet saytında yerləşdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə iyulun 23-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, nəticələr TQDK-nın internet saytında yerləşdirilib.
İmtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.
Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az/ internet saytından çap edib götürə bilər.

II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 28072 abituriyent ərizəsini təsdiq etdirib. Onlardan 27395 nəfəri imtahanda iştirak edib. Bu ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. II ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən az olmayan abituriyentlər iştirak edə bilər.

İmtahanının nəticəsinə əsasən 9069 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Abituriyentlərdən iki nəfəri maksimal nəticə - 700 bal toplayıb. 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 518 nəfərdir.
Müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan 9069 abituriyentdən 7680 nəfəri Azərbaycan bölməsinin, 1389 nəfəri isə rus bölməsinin məzunudur.

II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək “Abituriyentin elektron ərizəsi”ndə ixtisasları seçib təsdiq etməlidirlər.
II ixtisas qrupu üzrə plan yerlərinin ümumi sayı 7348-dir. Onlardan 2050-si dövlət sifarişi ilə qəbul aparılan yerlərdir. Azərbaycan bölməsi üzrə yerlərin sayı 5041, rus bölməsi üzrə 1200, birgə müsabiqə aparılan yerlərin sayı isə 1107-dir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar