I sinifə gedəcək uşaqların statistikası açıqlandı
05 Avqust 2011 Cümə 18:13
2011-2012-ci tədris ilində məktəblərin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır
2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 124274 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. ANS PRESS-in Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin I sinfinə 33464 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu rəqəm 32812 nəfər təşkil edib.
Qeyd edək ki, nazirin müvafiq əmrilə təsdiq olunan “Qaydalar”a əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonuna qədər olan müddətdə tamam olan istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.
Noyabr ayı ərzində 6 yaşı tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbuluna isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.
Xatırladaq ki, 2010-2011-ci dərs ilində I sinif şagirdlərinin sayı 120420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində isə 118947 nəfər təşkil edib.
DOSTLARINLA PAYLAŞ: