I sinfə gedəcək uşaqlar üçün yenilik
28 Dekabr 2012 Cümə 12:39
Məktəblərdə uşaqların məktəbəhazırlığı üçün kiçik qruplar təşkil olunmalıdır.
Azərbaycanda I sinfə gedəcək uşaqlarla bağlı yeni təklif hazırlanıb. Təhsil Problemləri İnstitutu (TPİ) Azərbaycanda beşyaşlıların məktəbəhazırlığı ilə bağlı yeni təklif hazırlayaraq Təhsil Nazirliyinə təqdim edib. Bunu cümə günü Trend-ə TPİ-nin direktoru Abdulla Mehrabov deyib.

Onun sözlərinə görə, bu təklif Təhsil Nazirliyinin sifarişi ilə "Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılmasının istiqamətləri" üzrə apardığı tədqiqatlar nəticəsində hazırlanıb.
A.Mehrabov deyib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin sayı azdır. Buna görə də məktəblərdə uşaqların məktəbəhazırlığı üçün kiçik qruplar təşkil olunmalıdır. Bu qruplarda uşaqların məktəbəhazırlığı üçün az müddətə müəyyən tədbirlər həyata keçirilməlidir. Belə qruplar məktəblərdə dərsdən sonra, 5 günlük tədris həftəsi ilə işləyən orta məktəblərdə VI gün, yaxud məktəblərin yay tətili müddətində təşkil oluna bilər.

"Burada söhbət uşağın əlifbanı öyrənməsindən deyil, onun psixoloji, fizioloji durumunun hazırlığından gedir. Dünyada elə ölkə var ki, orada 5 yaşlıların məktəb hazırlığı 85-90 faiz təmin olunub. İsraildə 5 yaşlılar məktəbəhazırlıq keçmirsə, I sinfə qəbul oluna bilməzlər", - A.Mehrabov bildirib.

O qeyd edib ki, Azərbaycanda da uşaqlar məktəbəhazırlığı keçməli, bundan sonra I sinfə qəbul olunmalıdırlar. Bunun üçün də dövlət səviyyəsində belə qruplar təşkil edilməlidir. Ancaq əgər uşağın məktəbəhazırlıq keçməsi mümkün olmasa, bu halda da o, I sinfə qəbul olunmalıdır. Çünki Azərbaycan Konstitusiyasına görə, ölkədə bütün uşaqlar 6 yaşından təhsilə cəlb olunmalıdır.

A.Mehrabov təklif edir ki, bəzi məktəblərdə təşkil olunan I siniflərin sayı çox olur. Həmin siniflərə məktəbə uşaq bağçasından, məktəbəhazırlıq qrupundan və heç bir hazırlıq keçmədən gələn uşaqlar daxil edilir. Buna görə də məktəblərdə I sinfi formalaşdırarkən bu uşaqların seçimi aparılmalıdır.

"Məktəb təliminə keçməyən uşaqlar bir qrupda cəmləşdirilməlidir. Onlara təhkim olunmuş müəllim eyni zamanda uşaqların psixoloji durumunu tədqiq etməlidir. Uşaq getdikcə fəalllaşdıqca həmin qrupdan başqa qruplara keçirilməlidir", - o, əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar