I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb
23 İyul 2013 Çərşənbə Axşamı 18:56
36 883 abituriyentdən 1324 nəfəri imtahanda iştirak etməyib.
2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 21-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb. Nəticələr TQDK-nın internet saytında yerləşdirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 36 883 abituriyentdən 1324 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 35 519 abituriyentlərdən 40 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Ən yüksək nəticə isə 695 bal olub.

I ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər:
- Bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

İxtisas seçimi avqustun 6-dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar