I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı
13 İyul 2010 Çərşənbə Axşamı 20:25
9895 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.
I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb. 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 11-də keçirilmiş qəbul imtahanının nəticələri bu gün saat 18:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, imtahan nəticələri barədə həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini Komissiyanın internet saytından çap edib götürə bilər.

I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 35769 abituriyent ərizəsini təsdiq etdirib. Onlardan 34655 nəfəri imtahanda iştirak edib.

Test imtahanının nəticəsinə əsasən, 9895 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

I ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.

I ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. I ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 25-dən avqustun 2-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar